Emin Mehdiyev: Ümid edirəm ki, ikinci dövrədə sərgilədiyimiz oyunu tapa biləcəyik
"Sumqayıt"ın müdafiəçisi Emin Mehdiyev Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 0:2 hesablı məğlubiyyətlə bağlı bunları söyləyib:
"Qarabağ" güclü komandadır və layiqli qələbə qazandı. Biz çmpionata pis başlamışdıq. Samir Abasovun gəlişindən sonra isə vəziyyət yaxşıya doğru dəyişməyə başladı. Ondan sonra rəqiblərimiz də bizə hörmətlə yanaşmağa başladılar. Üçüncü dövrədən etibarən çox erkən qollar buraxırıq. Belə olanda məğlubiyyətdən qaçmaq çətin olur. Heç bunu nə ilə izah edəcəyimi də bilmirəm. Əslində, hər oyunda sonadək mübarizə aparırıq. Sadəcə, öz oyunumuzu tapa bilmirik. Potensialımızdan zəif çıxış edirik. Yəqin ki, "qara zolağ"a düşmüşük. Ümid edirəm ki, ikinci dövrədə sərgilədiyimiz oyunu tapa biləcəyik".
