Oqtay Abdullayev: Bizim təklif etdiyimiz onun Neftçidə aldığı qədər deyil
"Turan Tovuz"un Müşahidə Şurasının sədri Oqtay Abdullayevin azerisport.az saytına müsahibəsi
- Klubunuzun işləri necə gedir?
- Hələ ki, biz istədiyimiz kimi getmir. Komanda turnir cədvəlinin ortalarındadır. Hələ ki, uğur qazana bilmirik.
- Ötən həftə Nizami Sadıqovu baş məşqçi postundan buna görə azad etdiniz?
- Bu qərara komandanın pis nəticələrə imza atması nəticəsində gəldik. Onun yerinə Əsgər Abdullayevi dəvət etmişik. Bu gün o, Tovuza gəlir.
- Belə bir mütəxəssisi komandaya gətirmək maliyyə baxımından çətin olmayacaq?
- Onun çalışmaq arzusu var idi. Belə bir təklif etdim, razılaşdı. Əlbəttə, bizim təklif etdiyimiz onun "Neftçi"də aldığı qədər olmayacaq. Amma əsas odur ki, onun çalışdırdığı komanda olacaq, işsiz qalmayacaq.
- Sizcə, onun gəlişi ilə bütün işlər qaydaslna düşəcək?
- İnanıram ki, biz bu mütəxəssislə daha da güclü olacağıq. Yaxşıya doğru dəyişiklik gözləyirik.
- "Turan Tovuz"un artıq Premyer Liqaya vəsiqə qazanması inandırıcı görünmür. Bu mövsümü boşa verilmiş saymaq olar?
- Xeyr. Bizim elitaya vəsiqə qazanmaq arzumuz var. Bunun üçün hər cür şəraitimiz - stadion, baza, akademiya da var. Bizdən yuxarıda qərarlaşan komandaların heç də hamısının Premyer Liqada oynamaq üçün müvafiq lisenziyası yoxdur.
- Sizdə oyunlara azarkeş gəlməsi hansı səviyyədədir?
- İki qələbə qazanan kimi stadionumuz dolur. Tovuz futbol regionudur. Burada futbolu çox sevirlər. Akademiyamızda yaxşı kadrlar var. Bizim Azərbaycan futboluna verəcəyimiz nələrsə var. Buna görə də hesab edirəm ki, Premyer Liqada oynamalıyıq.
