Anar Nəzirov: Qarabağı indidən çempion hesab etmək olar
"Zirə"nin qapıçısı Anar Nəzirov Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyundan (2:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Sizin kubokdakı 1:5 hesablı məğlubiyyətinizdən sonra "Qəbələ"yə çempionat matçında qalib gələcəyinizi çox az adam gözləyirdi...
- Uğurumuzun sirri bizim kollektivdədir. Bizdə olan kollektivlə uğur qazanmaq asandır. Amma etiraf edim ki, 1:5 hesablı məğlubiyyətdən sonra özümüzə gəlməyimiz çətin oldu. Hər şeyə rəğmən, qisasımızı almağı bacardıq. Müəyyən mənada bəxtimiz də gətirdi. Eyni zamanda çəkdiyimiz əziyyətin bəhrəsini gördük.
- Son nəticələr doğrudan da "Zirə"nin Premyer Liqaya kubokdan daha çox önəm verdiyini təsdiqləyir?
- Məsələ bunda deyil. Sadəcə, "Qəbələ"yə evdə 1:2 hesabıyla uduzandan sonra bizim mərhələ adlamaq şansımız elə də böyük deyildi. Buna görə də cavab matçında heyətdə bəzi dəyişikliklər edib, gücümüzü Premyer Liqa matçına saxlamağı üstün tutduq.
- Axı əsas heyətlə oynasaydınız, elə eyni hesabla kubokdakı səfər matçından da qalib ayrıla, mərhələ adlaya bilərdiniz...
- Premyer Liqa matçında ona görə qalib gəldik ki, bəzi oyunçularımız yaxşı istirahət hüququ qazanmışdılar. Amma rəqibimizdə belə imkan yox idi. Bu, bizim üçün yaxşı qərar oldu. Kubok görüşündə də əsas heyətlə mübarizə aparsaydıq, ola bilərdi ki, həm orada uğursuzluqla üzləşərdik, həm də çempionat matçında.
- "Qarabağ" vahid liderliyi ilə öyünə bilərsə, "Zirə" də artıq ikinci pillədə özünü rahat hiss edə bilər...
- "Qəbələ" və "İnter"lə xal fərqini altıya çatdırmağımız xoşdur. Amma buna görə özümüzü rahat hiss edə bilmərik. Şəxsən mən bu klublardan bu qədər öndə olacağımızı gözləmirdim. Çünki onlar uğur qazananda "Zirə" heç mövcud deyildi.
- Sizcə, "Qarabağ"ı indidən çempion hesab etmək olar?
- Bəli. Bizim onlarla bərabər səviyyədə mübarizə aparmağımız real görünmür. İkinci yer uğrunda mübarizə isə ciddi olacaq.
- Sizin artıq Azərbaycan çempionatında medalınız var...
- Bəli, "Qəbələ" ilə bürünc mükafatçı olmuşam. Amma həmin vaxt mən ehtiyat qapıçı idim. İndi isə əksinədir.
- UEFA rəsmisinin "Zirə"nin avrokuboklara qatılmasının mümkünsüzlüyünü söyləməsi sizə necə təsir etdi?
- Gördüyünüz kimi, heç bir təsiri yoxdur. Biz ən kiçik də şans varsa, buna sonadək inanacağıq. Amma qismət olmasa da, nə etmək olar? Barışmalıyıq.
- Sizin yerinizə layiq olmayan başqa bir klubun avrokuboklardakı çıxışını izləmək üzücü olmayacaq?
- Qanun qanundur. Heç nə edə bilmərik. Ümid edirəm ki, bizim əvəzimizdə avrokuboklara qatılacaq komanda yeni transferlər həyata keçirib, güclənəcək və ölkəmizi layiqincə təmsil edəcək.
