Ruslan Lukin: Neftçidən dəvət gəlsə, məmnuniyyətlə bu komandanı çalışdıraram
"Neftçi"nin sabiq hücumçusu Ruslan Lukinin azerisport.az saytına müsahibəsi
- Belarusda nə işlə məşğul olursunuz?
- "Krumkaçi" klubunun baş məşqçi köməkçisi vəzifəsində çalışıram. Ötən mövsümün nəticələrinə görə növbəti mövsümdən Premyer Liqada oynamaq hüququ qazandıq. Klubumuz cəmi üç ildir fəaliyyət göstərir. Bu müddət ərzində həvəskarlar liqasından elitaya qədər yüksələ bilmişik.
- Bakıya nə əcəb gəlmisiniz?
- Ötən həftə burada qızımın toyu oldu. Ondan sonra bir qədər də burada qalmaq istədim. Çünki Azərbaycan üçün darıxmışdım. Dostlarımla görüşmək istədim. 13 il idi burada olmurdum. AZAL - "Neftçi" oyununu da izləməyə gəldim ki, bəzi dostlarımla burada görüşüm. Məsələn, Tərlan Əhmədov, Vəli Qasımov, Dmitri Kramarenko ilə görüşdüm.
- Belarusda Azərbaycan çempionatını izləyirsiniz?
- Bəli. Təəssüf ki, Avropa səviyyəsində yalnız bir komandanın adını çəkə bilərəm - "Qarabağ". Onların oyunu xoş təsir bağışlayır. Amma "Neftçi"nin oyununa baxdım, elə də xoş təsir bağışlamadı. İllər öncə "Neftçi"nin oyunu hər kəsi heyran edirdi. Amma indi həmin komanda yoxdur. Vəli Qasımova da uğurlar arzulayıram.
- Sizcə, bakılıların oyununda nə çatışmır?
- Birinci hissədə rəqib qapısına bir dənə də zərbə endirmədilər. Komandada aqressivlik yoxdur. Legioner seçimi də zəifdir. Yerli oyunçulardan heç bir üstünlüyü olmayan legionerləri oynatmağın nə mənası var?
- Premyer Liqamızın iki ortabab klubunun oyununu izlədiniz. Bu oyunla futbolumuzun səviyyəsini necə şərh edə bilərsiniz?
- Belarus çempionatının səviyyəsi daha yüksəkdir. Baxmayaraq ki, Belarusda legionerlərin sayı çox azdır.
- Bakıda daha kimlərlə görüşmək istəyərdiniz?
- Vladislav Qədirovu, Arif Əsədovu görmək istərdim. Yaşar Vahabzadə və Babək Alxasovla söhbətləşdim.
- "Neftçi"dəki illərinizi necə xatırlayırsınız?
- Həmin illərdən ancaq xoş xatirələrim qalıb. 1985-ci ildə "Neftçi"yə gəldim. O vaxt komandada İqor Ponomaryov, İsgəndər Cavadov da var idi. Tərlan Əhmədov, Vəli Qasımov və Vidadi Rzayev də komandada peyda oldu. O vaxt tamamilə fərqli məktəb var idi. İndiki kimi deyildi. Əhmədovla birgə necə Avropa çempionu olduğumuz yadımdadır. Azərbaycanda qarşılanmağımızı heç vaxt unuda bilmirəm. Amma Azərbaycan futbolunun 100 illiyi ilə bağlı tədbirə çağırılmamağım üzücü oldu. Özümüzküləri unutmaq olmaz.
- Anadan olduğunuz ölkədə çalışmaq arzunuz var?
- Məmnuniyyətlə razılaşardım. Pro kateqoriyalı məşqçiyəm. İş təcrübəm də var.
- "Neftçi" məşqçi axtarır. Belə bir imkan sizin üçün necədir?
- Allah eləsin. Belə bir təklif gəlsə, məmnuniyyətlə razılaşaram. Axı bu klub mənim üçün doğmadır. Azərbaycanda çalışmaq arzum da böyükdür.
