Şahin Diniyev: Əsas olan nəticədir
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 2:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Hər bir oyun bizim üçün kubok matçına bənzərdir, çünki oyunlarımız çətin keçir. Biz nə böyük, nə də ki, kiçik komandayıq. Liderlərdən geri qalmamaq üçün bizə bu gün üç xal lazım idi, onu da qazandıq. Əsas olan nəticədir. Amma rəqib bizə çox ciddi problemlər yaratdı. Bunun baş verməməsi üçün tez qol vurmalı idik. İlk yarıda qol epizodlarından istifadə edə bilmədik. Vaxt getdikcə ”Xəzər Lənkəran” oyuna uyğunlaşıb müdafiə xəttində səhvsiz oynadı. Fasilədə uşaqlara pressinq edib tez qol vurmağı tapşırdıq. Təsadüf, yoxsa zərurətdən qol vurduğumuzu deyə bilmərəm. Əks-hücumlara belə bağlayıb, rəqibin hücum etməsinə imkan yaratdıq, amma ikinci qolu çox gec vurduq. Rəqibi təbrik edirəm, yaxşı oynadılar. Komandamızın iki əsas müdafiəçisi oyunu buraxırdı, bu səbəbdən müdafiəçilərin yerini dəyişmişdik. Müdafiənin mərkəzində həmişə Şəhriyar Əliyevlə Tərlan Quliyev birlikdə oynayıb, bu gün sonuncunu cinaha çəkmişdik. Mərkəzdə isə Tural Nərimanov və Azad Kərimov çıxış edirdi. Turalla Azad birlikdə bu mövqedə oynamayıblar, ona görə anlaşma istənilən kimi deyildi. Qol epizodları müdafiənin mərkəzindən yaranırdı”.
