"Çoxdan idi avrokuboklara vəsiqə uğrunda bu qədər klub mübarizə aparmırdı"
"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Sumqayıt"la oyunlarımız həmişə çətin keçir. Bu mövsüm onlara çempionatda qalib gəlməmişik. Ona görə də qarşıdakı görüşə ciddi hazırlaşmışıq. Arxayınlaşmaq olmaz. Bu mövsüm çətin və gözlənilməz keçir. Bəzi klubların maliyyə problemləri olsa da, onlar buna görə ruhdan düşmürlər, gözlənilməz nəticələrə imza atırlar. Rəqiblərimiz bizə də qarşı sonadək mübarizə aparırlar. Avrokuboklara vəsiqə uğrunda nə qədər komandanın mübarizə apardığına baxın. Belə şeyi çoxdan idi görmürdüm".
"Kubokun yarımfinalına çıxdıq. Rəqibimiz "İnter" olacaq. Bu komanda bizim üçün heç də asan rəqiblərdən sayılmır. Amma indidən həmin oyunlar barədə düşünmək çətindir. Hazırda qarşıdakı çempionat görüşlərini düşünməliyik".
