Julius Vobay: Neftçiyə kömək etməyə həmişə hazıram
"Neftçi"nin sabiq yarımmüdafiəçisi Julius Vobayın azerisport.az saytına müsahibəsi
- Sloveniya "Olimpiya"sında işləriniz necə gedir?
- Hər şey əladır. Bu komandada iki oyun keçirmişəm. "Koper"ə qalib gəlib, "Maribor"la heç-heçə etmişik. Hazırda birinci pillədə qərarlaşmışıq.
- Yəqin ki, Azərbaycan çempionluğundan sonra Sloveniya çempionatının da qızıl medalını qazanmaq istəyirsiniz...
- Əlbəttə. "Olimpiya" Sloveniyanın ən yaxşı klublarından biridir. Hazırda lider olsaq da, "Maribor", "Domjale" əsas rəqiblərimizdəndir. Arxayınlaşmaq olmaz.
- "Neftçi"ni unutmamısınız?
- "Neftçi"ni necə unutmaq olar? Bu komanda həmişəlik qəlbimdədir. Bu klubu unutmayacağam. Çünki "Neftçi"ni çox sevirəm.
- Komandanın indiki vəziyyətindən xəbəriniz var?
- Bəli. Bilirəm ki, hazırda işləri qaydasında getmir, istədiyi mövqedə deyil. Yəqin ki, bu nəticələrə görə özləri məsuliyyət daşıyırlar.
- Sizcə, komandanı bu vəziyyətdən necə çıxarmaq olar?
- Mən orada deyiləm. Buna görə heç nə ilə kömək edə bilmərəm.
- Nikolas Kanalesin komandaya qayıtmasından xəbəriniz var?
- Bəli, bilirəm. Onunla əlaqə saxlayıram. O, "Neftçi"yə qayıtması barədə mənə də danışıb və ona uğurlar arzulamışam. İnanıram ki, vurduğu qollarla "Neftçi"yə çox kömək edəcək.
- Bəs siz necə, qayıdıb "Neftçi"yə kömək etmək istəyərdiniz?
- Mən bu komandaya kömək etməyə həmişə hazıram. Amma bunun üçün gərək yaxşı təklif irəli sürsünlər.
- Sizə elə gəlmir ki, bu komandanın əsas problemi tez-tez baş məşqçi dəyişikliyindədir...
- Bunun da öz rolu var. "Neftçi"də komandanı dəstəkləməyə ehiyac var. Ümid edirəm ki, bu klubda hər şey qaydasına düşəcək.
