Fizuli Məmmədov: Neftçiyə yerli məşqçi lazımdır
Azərbaycan yığmasının sabiq futbolçusu Fizuli Məmmədovun azerisport.az saytına müsahibəsi
- Azərbaycan kubokunda 1/4 final mərhələsinin nəticələrini necə qarşıladınız?
- Qəbələdəki qollar fərdi səhvlər nəticəsində vuruldu. Bu, həm də "Zirə"nin meydana çıxan bəzi futbolçularının oyun təcrübəsinin az olmasından irəli gəlirdi. Fikrimcə, bu komandalar arasındakı çempionat matçında tam fərqli oyun izləyəcəyik.
- Bəs digər cütlərin nəticələri arasında sizin üçün hansısa gözlənilməzlik oldumu?
- "Neftçi"nin "Xəzər Lənkəran"la oyunları gərgin keçdi. Amma onlar cavab matçını evdə keçirirdilər və mərhələ keçəcəklərini proqnozlaşdırmaq olardı. Qonaq komandanın üzvləri isə daha çox gənclər idi və yəqin ki, təcrübəsiz olduqlarından tez yoruldular. "Qarabağ" öz cütündə favorit idi və yarımfinala çıxması təbii qarşılandı. "İnter" də "Rəvan"ı keçməyə borclu idi.
- Bəs sizcə, finala hansı komandalar çıxacaq?
- Demək çətindir. Hansı komanda daha yaxşı hazırlıqlı olacaqsa, az səhvə yol verəcəksə, o da finala çıxacaq. "Qəbələ"nin son oyunlarını nəzərə alsaq, finala real namizəddir. "Qarabağ" da "İnter"lə görüşlərdə favorit sayıla bilər.
- "Qarabağ" son turda əsas izləyicisi "Zirə"yə qalib gəlməklə çempionluğun taleyini böyük ölçüdə həll etdi?
- Mən oyuna baxdım. "Qarabağ"da elə atmosfer var ki, hər kəs bu klubdan qələbə gözləyir. Onlar oyuna ciddi hazırlaşmışdılar. "Zirə"nin də heyətində ciddi itkilər olmasına baxmayaraq, layiqli müqavimət göstərdilər. Onu da unutmaq lazım deyil ki, "Zirə" bir müddət öncə Avropa Liqasının qrup mərhələsində oynayan, Belçika "Anderlext"inə qalib gələn bir komandaya qarşı oynayırdı. Əlbəttə, ağdamlılara qarşı mübarizə aparmaq çox çətindir. Mən indidən "Qarabağ"ın çempion olacağını iddia edə bilmərəm. Çünki qarşıda çox oyun var. Amma onlar ən real namizəddirlər.
- Bəs "Zirə"nin çempion olmasına nə dərəcədə inanırsınız?
- İlk il üçün bu komandanın çempionatdakı çıxışını çox uğurlu hesab edirəm. Onlar artıq futbolumuz üçün az iş görməyiblər. İkinci yer də bu komanda üçün böyük uğurdur. "Zirə" bəzi klubların 3-4 ilə edə bilmədiyini bir mövsümə edib.
- Əsgər Abdullayevin "Neftçi"dən istefasını necə qarşıladınız?
- O, təcrübəli mütəxəssisdir. Ardıcıl bir neçə oyunda uduzmaq istəməzdi. Bu klubdakı bütün problemlərdən xəbərim yoxdur. Amma uğursuzluqlar davamlı olanda baş məşqçinin getməsi normaldır.
- Bəs sizcə, komandanı bundan sonra da yerli mütəxəssis çalışdırmalıdır, ya əcnəbiyə ehtiyac var?
- Çətin sualdır. Amma mənə elə gəlir ki, yerli mütəxəssis daha yaxşı seçim olardı. Hər halda yerli məşqçi bizim futbolçuları, bu komandanı daha yaxşı tanıyır. Əcnəbi gələndə əksər futbolçuları klubdan göndərəcək, yeni heyət formalaşdırmağa başlayacaq. Klub isə bundan çox itirəcək. Halbuki, indi də ciddi maliyyə problemləri var. İndi "Neftçi"yə yerli məşqçi lazımdır.
- Sizcə, yığmamızın mart toplanışı üçün yeni futbolçular var?
- Var. Məsələn, "Zirə"dən Sadiq Quliyev. Anar Nəzirovla Vüqar Mustafayevin, həmçinin Nicat Qurbanovun da oyunu xoşuma gəlir. Onlar milliyə faydalı ola bilərlər.
