Robert Prosineçki: Bizi AÇ-2020 yox, DÇ-2018-in seçmə mərhələsi düşündürür
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin azerisport.az saytına müsahibəsi
- AFFA-nın növbəti Hesabat-Seçki Konfransında siz də iştirak edirdiniz. Təəssüratlarınız?
- Konfrans yaxşı keçdi. Hər şey yaxşı təşkil olunmuşdu. Şadam ki, Rövnəq Abdullayev yenidən AFFA prezidenti seçildi. Mən onun dövründə Azərbaycan yığmasının baş məşqçisi təyin olunmuşam. Onun seçilməsi isə başladığımız işi davam etdirmək imkanı qazandığımızdan xəbər verir. UEFA-nın baş katibinin bu tədbirdə iştirakı da önəmli idi.
- Abdullayev AFFA prezidenti seçildikdən sonra vurğuladı ki, hədəf AÇ-2020-nin final mrəthələsində oynamaqdır...
- Bizim 100 faiz bu turnirdə iştirak edəcəyimizi indidən söyləmək çətindir. Amma biz AÇ-2020-yə vəsiqə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Hazırda bizi DÇ-2018-in seçmə mərhələ oyunları daha çox düşündürür. Çünki çox çətin qrupa düşmüşük. Amma yaxşı oyun sərgiləmək istəyirik.
- Premyer Liqanın son turlarında izlədiyiniz oyunlar barədə nə deyə bilərsiniz?
- "Qarabağ" dominantlıq etməyə davam edir. "Zirə" ilə "Kəpəz" xoşagəlimli futbol oynayır. "Qəbələ" daha yaxşı çıxış edə bilər. "Neftçi"nin nəticələrinin isə daha yaxşı olmasına ehtiyac var.
- Sizcə, "Neftçi"ni yerli mütəxəssis çalışdırmalıdır, ya əcnəbi?
- Klubun daxili işlərinə qarışmaq istəmirəm. Qoy bununla klub rəhbərliyi məşğul olsun. Onlar özləri bu barədə düzgün qərar qəbul etməlidirlər. "Neftçi" Azərbaycan futbolunda böyük addır. Onların yeddinci pillədə qərarlaşması məni çox üzür. Bizim üçün bu, çox pisdir. Çünki paytaxt təmsilçisindən yığmanın da bir neçə üzvü var. Belə olmamalıdır.
- Elnur Cəfərovun İspaniyanın "Real Ovyedo" klubuna keçidi düyünə düşüb. Sizcə, "Xəzər Lənkəran" onu pulsuz buraxmalıdır?
- Bu barədə heç nə deyə bilmərəm. Bu, klubun haqqıdır və istədiyini tələb edə bilər. Mən yalnız onu deyə bilərəm ki, Cəfərov yığmanın üzvüdür, Azərbaycan futbolunun gələcəyidir. AÇ-2020-də oynamaq istəyiriksə, Elnura kömək etməliyik. O, bizim üçün vacib futbolçudur. Onun bu gün klubsuz olması da bizim üçün mənfi haldır. Hamımız birgə bu oyunçuya kömək etməliyik.
- Sizə elə gəlmir ki, hətta Elnur "Real Ovyedo"ya keçsə də, futbolçularımız belə klublarda oynamaqla milli komandamızı AÇ-yə çıxara bilməzlər?
- Hazırda futbolçularımızdan Eddi İsrafilov İspaniyada çıxış edir. Dmitri Nazarov ikinci Bundesliqa klubunda oynayır. Bundan sonra da futbolçularımız dəstəkləməyə çalışacağam. Bacardığım qədər yardımçı olacağam. Ölkə xaricində oynayan futbolçularımızın sayı nə qədər çox olsa, bir o qədər yaxşı olar.
- Yığmamızın yay toplanışı harada olacaq?
- Böyük ehtimalla Avstriyada toplanış keçəcəyik. Amma dəyişiklik ola bilər. Mayın 23-24-də oraya yollanacağıq, iyunun 4-5-nə qədər hazırlıq keçəcəyik. Bu müddət ərzində iki-üç yoxlama matçı keçirəcəyik. Bir neçə komanda ilə danışıq aparırıq. İstisna deyil ki, Kanada ilə qarşılaşaq. İndi dəqiq bircə onu deyə bilərəm ki, martın 26-da Qazaxıstan ilə oynayacağıq (gülür).
