Qəbələ Zirə ilə oyunun hazırlığını davam etdirir
Topaz Premyer Liqasının 25-ci turunda “Zirə” ilə qarşılaşacaq “Qəbələ” oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisi ilə martın 9-da keçirilən Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunundan (5:1) sonra məşqlərinə ara verməyən “qırmızı-qaralar” bu gün növbəti hazırlığını keçib.
“Zirə” ilə kubok matçının ertəsi gün olduğu kimi yenə yalnız son görüşdə iştirak etməyənlərin məşqi yaşıl meydanda baş tutub. 2 gün öncə komandasının qələbəsində pay sahibi olanlar isə dünən bərpaedici məşqlə kifayətlənib, bu gün isə fiziki hazırlıq keçib.
“Qəbələ”nin oyunöncəsi son məşqi sabah baş tutacaq. Qəbələ şəhər stadionundakı hazırlıq prosesi saat 17:30-da başlayacaq. Komandanın məşqi tam heyətlə keçəcək.
Xatırladaq ki, martın 13-də baş tutacaq “Qəbələ” – “Zirə” qarşılaşmasının start fiti saat 15:00-da veriləcək. (klub saytı)
