Rövnəq Abdullayev: Hər bir klub qanun çərçivəsində fəaliyyət göstərməlidir
AFFA prezidenti Rövnəq Abdullayev bu gün mətbuat konfransı keçirib. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
"AFFA-nın yeni İcraiyyə Komitəsinin ilk iclası oldu. Vacib qərarlar qəbul olundu. Media Komitəsi təsdiqləndi. AFFA-nın vitse-prezidentləri bundan sonra da Rauf Əliyev və Elşad Nəsirov, baş katib isə Elxan Məmmədov olacaq".
Abdullayev Premyer Liqada yeni klubların peyda olmasının mümkünlüyü barədə də söz açıb: "Regionlarda futbolu inkişaf etdirmək üçün ilk ilk deyil ki, çalışırıq. Yeni gənc futbolçular peyda olur. Amma regionlarda yeni klubların yaradılması sponsorlardan asılı olan məsələdir. Əsas sponsorlar Bakıda yerləşir. Ona görə də klubların çoxu Bakını təmsil edir. Ümid edirik ki, sponsorlar bölgələrdə də klubların yaradılmasında maraqlı olacaqlar".
"İK-nın hər bir üzvü mətbuatla ünsiyyətə açıq olmalıdır. Elmar Məmmədyarova da təşəkkürümü bildirirəm ki, dəvətimizi qəbul etdi".
AFFA prezidenti bəzi klublarımızın FİFA və UEFA tərəfindən cəzalandırılmasına da münasibət bildirib: "Bunda günah klublarımızın özündədir. Onların hər biri qanun çərçivəsində fəaliyyət göstərməlidir".
Abdullayev yenidən AFFA prezidenti seçilməsi barədə də danışıb: "Mən rəqabətdən heç vaxt qorxmuram. Bu, inkişafa kömək edir. Amma əgər heç kim AFFA prezidenti olmaq istəmirsə, deməli, Azərbaycan futbolundakı problemlərin məsuliyyətini üzərinə götürməkdən çəkinir".
"Hər bir ölkədə 2-3 aparıcı klub var ki, milli çempionatın lideri hesab olunurlar, qalanlarının hədəfləri isə fərqli olur. Premyer Liqamızın səviyyəsinin aşağı düşdüyünü düşünmürəm. Problem ondadır ki, azarkeşlər stadiona gəlmirlər. Hamı televizor qarşısında oturub. Amma hamı stadiona gəlməyə üstünlük versə, çempionata da maraq artar. Məsələn, "Kəpəz"in Gəncədəki oyunlarına 20 min azarkeş gəlir. AFFA bu klubu maliyyələşdirir və komanda liderlərə qarşı döyüşür".
Abdullayev vaxtilə rəhbərlik etdiyi "Neftçi"nin indiki durumu barədə də söz açıb: "Mən "Neftçi"nin işlərinə qarışmıram. Sadəcə, onlar baş məşqçini az dəyişdirməlidirlər. Düzgün seçim etmək və ona güvənmək lazımdır".
AFFA rəhbəri Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək AÇ-2016-dan da danışıb: "Avropa çempionatı böyük dərs, təcrübə olacaq. Bu yarışı yüksək səviyyədə keçirməyə çalışacağıq. Azərbaycan prezidenti İlham Əliyev də bu çempionatın təşkilinə kömək edəcək iki mühüm sərəncam imzalayıb. Püşkatma Bakı Olimpiya stadionunda keçiriləcək. Təbriz Həsənov yaxşı məşqçidir. O, komandamızı AÇ-yə yaxşı hazırlayır. Açılış oyununda da yaxşı futbol sərgiləməyə çalışmalıyıq".
