Vüqar Nadirov: Qarabağla heç bir problemim yoxdur
"İnter"in hücumçusu Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Rəvan"a qarşı keçirdikləri cavab matçından (3:0, ilk oyun - 1:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- "Rəvan"la oyun sizin "İnter"dəki ilk qolunu vurmağınızla əlamətdar oldu...
- Uzun müddət idi oynamırdım. Oyundan oyuna inkişaf etmək, əvvəlki formama çatmağa çalışıram.
- Yəqin ki, bu görüşdə siz ilk oyundakı məğlubiyyətin təsadüfi olduğunu isbatlamaq istəyirdiniz...
- Həmin məğlubiyyətin təsadüfi olduğunu deməzdim. Ola bilsin ki, uşaqlar həmin oyuna yorğun çıxmışdılar. "Rəvan"a yuxarıdan aşağı baxmırdıq. Sadəcə, həmin görüşdə uduzduğumuz üçün bu dəfə qələbə qazanmağa borclu idik. Yarımfinala çıxmaq üçün başqa yolumuz yox idi.
- Yarımfinalda sizi keçmiş komandanıza - "Qarabağ"a qarşı oyunlar gözləyir...
- "Qarabağ"a qarşı oynamaq mənim üçün çox böyük önəm kəsb edir. Ağdamlı olaraq bu komandaya qarşı mübarizə aparmaq mənim üçün ağır olacaq.
- Sanki "Qarabağ"la bağlı inciksiniz...
- Xeyr. Mənim Ağdam klubu ilə bağlı heç bir problemim yoxdur. Qurban Qurbanovla indi də münasibətim var. Sadəcə, "Qarabağ"a qarşı oynamaq mənim üçün bir ağdamlı olduğum üçün asan olmayacaq.
- Hələ "İnter"ə tam uyğunlaşmadığınız hiss olunur...
- Tədricən hər şey qaydasına düşür. İnanıram ki, 4-5 oyundan sonra hər şey normasında olacaq.
- "İnter" üçün kubokda uğur qazanmaq daha vacibdir, ya Premyer Liqada?
- Biz hər iki cəbhədə mübarizəni davam etdiririk. "İnter" uzun müddətdir kuboku qazana blmir. Premyer Liqada da medallar uğrunda mübarizə aparırıq. Hər iki turnirə önəm veririk.
- "İnter" və "Zirə"nin avrokuboklara vəsiqə qazanmaq ehtimalı nə qədər yüksək olsa da, UEFA bu iki klubu qitə arenasına buraxmaya bilər. Bu, sizdə ruh düşkünlüyü yaratmır?
- Biz bu barədə düşünməməyə çalışırıq. Meydana çıxanda ancaq qələbə qazanmaq haqda düşünürsən. Şəxsən mənə elə gəlir ki, "İnter" rəhbərliyi lazım olan məsələləri həll edəcək və klubumuz Azərbaycanı avrokuboklarda təmsil edəcək.
- Sizə elə gəlmir ki, bu mövsümkü çıxışınız yığmaya dəvət almağınıza şans vermir?
- "İnter" mənimlə hələ "Qəbələ"yə keçərkən maraqlanırdı. Amma mən seçimimi "Qəbələ"nin xeyrinə etdim. Səhvə yol verdiyimi deməzdim. Sadəcə, görünür qismət belə imiş.
