Muarem: Qarabağın uğuru mənim vurduğum qollardan daha vacibdir
"Qarabağ"ın yarımmüdafiəçisi Muarem Muarem Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri cavab matçından (4:1, ilk oyun – 2:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- "Sumqayıt"la cavab matçını necə şərh edərdiniz?
- Düzdür, böyük hesabla qalib gəldik. Amma oyun o qədər də asan keçmədi. "Sumqayıt" çox yaxşı komandadır. Bizə qarşı həmişə döyüşüblər. Bu üzdən də onlarla oyuna ciddi hazırlaşmışdıq. Şadam ki, yarımfinala vəsiqə qazandıq. Qarşıda bizi "Sumqayıt"la çempionat oyunu da gözləyir. Yenə onlara qalib gəlmək istəyirik.
- Bu hesab çox gözlənilməz oldu. Qurban Qurbanov matç ərəfəsində sizə nə demişdi?
- Xüsusi nəsə söyləməmişdi. Qurbanov sadəcə, "Sumqayıt"ın bizə qalib gəlməyə çalışacağını deyirdi. Ona görə də meydana böyük motivasiya ilə çıxmışdıq. Ələ düşən qol şanslarından yaxşı yararlandıq. 4:1 yaxşı nəticədir.
- Sizin dublunuz komandanızın qələbəsinə töhfə verdi. Ardıcıl ikinci oyunda fərqlənirsiniz. Artıq əvvəlki formanızı bərpa edirsiniz?
- Hər oyunda daha da yaxşı çıxış etməyə çalışıram. Uzun fasilədən sonra əvvəlki formamı bərpa etməyim çox çətindir. Bunun üçün çox çalışmaq lazımdır. Xüsusilə də "Qarabağ" kimi klubda buna nail olmaq asan deyil. İnanıram ki, əvvəlki oyunumu göstərə biləcəyəm. Şübhəsiz ki, vurduğum qollar mənim üçün çox vacibdir. Amma komandamızın uğuru daha önəmlidir.
- Yarımfinalda sizi "İnter" gözləyir. "Qarabağ" finala çıxa biləcək?
- Kubok oyunları digər matçlardan tamamilə fərqlənir. Burada bütün komandalar finala çıxmağa çalışırlar. Yarımfinalda da bizi gərgin və ağır oyun gözləyir. "İnter" yaxşı komandadır. Buna baxmayaraq, finala çıxmaq üçün əlimizdən gələni edəcəyik.
- Digər yarımfinal cütündə "Qəbələ" və "Neftçi" qarşılaşacaq. Həlledici oyunda kiminlə oynamaq istəyərdiniz?
- Qoy finala kim daha çox layiqdirsə, onlar da çıxsın.
- "Sumqayıt"a çempionat matçında da asanlıqla qalib gələ biləcəksiniz?
- Xeyr, çox çətin oyun olacaq. "Sumqayıt" doğma meydanda daha yaxşı oynayır. Buna baxmayaraq, qələbə qazanmalıyıq.
