Asif Məmmədov: Zirə Premyer Liqa matçında kubok görüşündəki kimi oynamayacaq
"Qəbələ"nin yarımmüdafiəçisi Asif Məmmədov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Zirə"yə qarşı keçirdikləri cavab matçını (5:1, ilk oyun 2:1) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Deməzdim ki, qələbəni çox asanlıqla əldə etdik. Sadəcə, matçın əvvəlində ardıcıl üç qol vurmağa nail olduq. Hesab 3:1 olarkən rəqibin də növbəti qollar vurmaq üçün şansları var idi. Belə olsaydı, vəziyyət tam dəyişəcəkdi. Roman Qriqorçuk fasilədə bizə dedi ki, arxayınlaşmaq olmaz. Bütövlükdə, layiqli qələbə qazandıq. Qarşıda bizi "Zirə" ilə çempionat oyunu da gözləyir. Çətin olacaq. "Zirə" həmin matçda kubokdakı kimi oynamayacaq. Həm də onlar kubok görüşündə bəzi aparıcı futbolçularını meydana buraxmamışdılar. Ona görə də arxayınlaşmaq olmaz".
