Rəşad Sadiqov: Çempionat matçında bizi tam fərqli Zirə gözləyəcək
"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Zirə"yə qarşı keçirdikləri cavab matçından (5:1, ilk oyun – 2:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Qələbə barədə nə deyə bilərsiniz?
- Çətin oyun olacağını bilirdik. Çünki rəqib bu mövsüm yaxşı futbol sərgilədiyini isbatlamış komandadır. Amma biz erkən qol vura bildik və yəqin ki, bu, onların ənənəvi oyununa təsirini göstərdi. Buna görə də belə asan qələbə qazandıq. Bəlkə də erkən qol vurmasaydıq, mərhələ keçməyimiz çətin başa gələcəkdi. Amma layiqli olaraq yarımfinala çıxdıq.
- "Qəbələ"nin bu uğur sayəsində avrokuboklara daha da yaxınlaşdığını demək olar?
- Bu turnir həmişə Avropa Liqasına ən qısa yol hesab olunur. Düzdür, biz Premyer Liqada da çempionluq mübarizəsindən əl çəkməmişik. Amma kubokda da uğur qazanmaq bizim planlarımıza daxildir.
- Sizi bu oyunda çox tez əvəzlədilər...
- Mən özüm əvəzlənməyimi xahiş etdim. Çünki qarşıda bizi "Zirə" ilə çempionat oyunu da gözləyir. Ona görə də növbəti matç öncəsi bir qədər istirahət hüququ qazanmaq istədim. Premyer Liqa oyununa da tam hazır çıxmaq istəyirəm.
- Belə böyük hesablı qələbə sizi "Zirə" ilə çempionat matçı öncəsi arxayınlaşdırmayacaq?
- Arxayınlaşdırmamalıdır. Biz peşəkar komandayıq. "Qəbələ" "Zirə" ilə çempionat matçına da lazımi qaydada hazırlaşmalıdır.
- Yəqin ki, həmin görüşdə daha toparlanmış rəqib gözləyirsiniz...
- Bəli. Çempionat matçında bizi tam fərqli "Zirə" gözləyəcək. Amma rəqibin necə olmasından asılı olmayaraq, biz öz oyunumuzu göstərib, qələbə qazanmalıyıq.
