Adil Şükürov Qəbələyə böyük hesablı məğlubiyyəti şərh etdi
"Zirə"nin baş məşqçisi Adil Şükürov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri cavab matçını (1:5, ilk oyun - 1:2) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Zirə" gənc komandadır. Bizə iki cəbhədə oynamaq çətindir. Futbolçular yorğundular. Həm də zədəli oyunçularımız var. 17-ci dəqiqədə artıq 0:3 hesabıyla uduzurduq. Buraxılan ilk qoldan sonra irəli atılsaq da, nəticədə növbəti qolları buraxdıq.
"Zirə"nin avrokuboklardakı iştirakı hələ sual altındadır. Amma bu, komandamızın çıxışına təsir göstərmir. Futbolçularımız peşəkardırlar və öz işlərini görürlər. İki oyuna "Qəbələ"dən 7 qol buraxmağımızın isə öz səbəbləri var. Nelson Bonilyanın da, bəzi digər futbolçularımızın da kiçik zədəsi vardı. Çox yorğunluq olduğuna görə meydana optimal heyətlə çıxa bilməmişdik. Matçdan sonra uşaqlara təşəkkürümü bildirdim. Çünki onlar bacardıqlarını etdilər. Artıq qarşıdakı çempionat oyununa köklənməliyik. Şübhəsiz ki, bu oyunu da müzakirə edəcəyik, oyunçularımıza öz iradlarımı bildirəcəyəm. Belə böyük hesabla uduzmağı istəməzdik. Amma bu nəticə növbəti oyuna daha motivasiyalı hazırlaşmağımıza kömək edə bilər. Bu mövsüm komandanı tam formalaşdıra bilsək, niyə də növbəti mövsümdə qızıl medallar uğrunda mübarizə aparmamalıyıq?"
