Roman Qriqorçuk: Zirə ilə çempionat matçı tam fərqli olacaq
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Zirə"yə qarşı keçirdikləri cavab oyununu (5:1, ilk oyun - 2:1) şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Əla nəticədir. Çoxlu qolun vurulması istənilən komanda üçün vacibdir. "Zirə" ilə qarşıda çempionat oyunumuz da var. Fikrimcə, həmin oyun tam fərqli matç olacaq. Bu üzdən də Premyer Liqa matçına ciddi hazırlaşmalıyıq".
"Kubokun final matçı Gəncəyə təyin olunsa, oradakı qazonun vəziyyəti elə də yaxşı deyil. Meydança düzəlməyəcəksə, həlledici qarşılaşmanın Bakıda keçirilməsi daha yaxşı olardı. Qəbələdə də keçirilə bilər" (gülür).
"Bakıdan Qəbələyə jurnalist qrupu gələndə komandamız böyük hesabla qalib gəlir? Bunu bilmirdim. Əgər belədirsə, onda bundan sonra jurnalistlərin səfəri mənim hesabıma təşkil olunsun! Mən sizin üçün nəqliyyat vasitəsi göndərərəm" (gülür).
