Anar Nəzirov: Hədəf səfərdə sərfəli nəticəyə imza atmaqdır
"Zirə"nin qapıçısı Anar Nəzirov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri cavab oyunu (ilk matç 1:2) öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarşıda bizi "Qəbələ" ilə iki çətin oyun gözləyir. Öncə kubok, daha sonra isə çempionat çərçivəsində qarşılaşmalıyıq. "Qəbələ" hazırda Azərbaycan çempionatının ən güclü komandalarından biridir. Amma bu görüş təkcə bizim yox, həm də "Qəbələ" üçün çətin olacaq. Maraqlı və gərgin oyun olacağını düşünürəm. Hədəfimiz təbii ki, səfərdə sərfəli nəticəyə imza atmaqdır. "Qəbələ"dən fərqli, biz son iki oyunumuzda uğursuz çıxış etmişik. Həm kubok, həm də çempionat oyununda uduzmuşuq. Amma bu məğlubiyyətlər bizi növbəti oyunlara daha böyük məsuliyyətlə yanaşmağa vadar edir".
