Ruslan Qurbanov: Neftçinin uğursuz nəticələrinin günahkarı o yox, bizik
"Neftçi"nin hücumçusu Ruslan Qurbanov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirəcəkləri cavab matçı (ilk oyun 2:3) öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- "Neftçi"də növbəti məğlubiyyətdən sonra atmosfer necədir? "Xəzər Lənkəran"la oyuna necə hazırlaşmısınız?
- Çətin olacaq. Rəqib komandanın heyətində çoxlu gənc futbolçu var və onların sonadək mübarizə aparacağı şübhə doğurmur. Necə ki, ilk oyunda biz bunun şahidi olduq. Biz də meydana yalnız qələbə üçün çıxacağıq ki, növbəti mərhələyə vəsiqə qazanaq.
- Əsgər Abdullayevin istefasını necə qarşıladınız?
- Əldə etdiyimiz uğursuz nəticələrin günahkarı o yox, bizik. Abdullayevə uğurlar arzulayıram, hər şeyə görə təşəkkürümü bildirirəm.
- Söhbətlər dolaşır ki, "Neftçi" futbolçuları Abdullayevin istefa verməsi üçün qəsdən oynamırmışlar...
- Mən belə şeylərə heç vaxt inanmamışam. "Neftçi"də heç kim belə iş görməs, məşqçiyə qəsdən "quyu qazmaz". Biz bir ailəyik.
- Qışda "Neftçi"nin əcnəbi baş məşqçiyə tapşırılması gözlənilsə də, alınmadı. Yayda yeni baş məşqçinin əcnəbi olacağını gözləyirsiniz?
- Bu barədə heç nə deyə bilmərəm. Belə məsələlər barədə qərarları klub rəhbərliyi verir. Mənim işim oynamaq və komandama faydalı olmaqdır.
- "Qəbələ" ilə oyuna yaxşı başladığınız halda niyə sonda meydanı məğlub tərk etdiniz?
- Birinci hissədə yaxşı oynadıq. İkinci yarıda isə oyunumuz getmədi. "Qəbələ"ni əks-hücumlarda tutmağa çalışsaq da, alınmadı.
- Jayronun qırmızı vərəqə alması oyununuza təsir göstərdi?
- Mənə elə gəlirdi ki, o, həmin epizodda topa oynamışdı. Amma epizodun təkrarına baxanda gördüm ki, təmiz qırmızı vərəqəlik epizod imiş.
- Siz əvəzlənərkən çox əsəbi görünürdünüz. Nə baş vermişdi?
- Heç nə baş verməmişdi. Sadəcə, qələbə hesabını qoruya bilmədiyimizə üzgün idim. Bu, mənə çox pis təsir etmişdi. Əsgər Abdullayevə də heç nə göstərmək fikrim yox idi. Sadəcə, nəticədən narazı idim.
- Oyundan sonra qapıçınız Aqil Məmmədov jurnalistlərə müsahibəsində baş hakim Ömər Paşayevdən kəskin narazılığını dilə gətirdi. Siz də bu məğlubiyyətinizdə hakimliyin rolunun böyük olduğunu düşünürsünüz?
- "Qəbələ"nin ilk qolunun ofsayddan vurulduğunu hər kəs gördü. Hakimlər belə qərarları ilə bizi "öldürə" bilməyəcəklər. Amma indi danışmaqla da heç nəyi geri qaytarmaq olmaz.
