Ramazan Abbasov: İnter üzərində qələbə sensasiya yox, sadəcə, gözlənilməz idi
"Rəvan"ın kapitanı Ramazan Abbasov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "İnter"ə qarşı keçirəcəkləri cavab matçı (ilk oyun 2:1) öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Demək olar ki, bütün həftəni bu oyunun hazırlığına sərf etmişik. Bəhmən Həsənov hətta buna görə "Kəpəz"lə çempionat oyununa gəncləri buraxmışdı. İlk oyunda qazandığımız qələbəni sensasiya saymaq lazım deyil. Sadəcə, gözlənilməz qələbə oldu. "İnter"ə cavab oyununda uduzmamağa çalışacağıq. Bu komandanın müdafiədə necə oynadığını bilirik. Hücum futbolu sərgiləyəndə isə daha təhlükəli olurlar. Cavab görüşündə 0:0 hesabı da bizi yarımfinala çıxara bilər.
İlk oyuna gəlincə, biz sonadək vuruşduq, xarakter nümayiş etdirdik, qələbə qazandıq. Amma sonra mətbuatdan oxuyuruq ki, guya "İnter" həmin qarşılaşmada mərc oyunlarına görə bilərəkdən uduzub. Onu yazan jurnalistlər həmin matçda meydanda olsaydılar, belə bir iddia irəli sürməzdilər. İstənilən halda biz belə şeylərə fikir vermirik. Öz oyunumuzu sərgiləməyə çalışacağıq.
Yarımfinaldakı potensial rəqibimizə gəlincə, "Qarabağ"ın "Sumqayıt" üzərindəki üstünlüyünü əldən verəcəyinə inanmıram. "Sumqayıt" yaxşı komandadır. Amma ağdamlılar növbəti mərhələyə vəsiqə qazanmağa daha yaxındırlar.
İki gün öncə bizə fevral ayının maaşını verdilər. Rəhbərlik çox çalışsa da, hələlik, köhnə borcların qaytarılmasına nail ola bilməyib. Bizə deyilib ki, AFFA da kömək edəcək. Gözləyirik".
