Elxan Abdullayev: Bu iki matç 1/4 finalın ən maraqlı duelləridir
Azərbaycan yığmasının məşqçisi Elxan Abdullayev Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunları öncəsi komandaların yarımfinala çıxmaq şanslarını dəyərləndirib. Onun azerisport.az saytına müsahibəsini təqdim edirik:
- "Qəbələ"nin "Zirə" üzərindəki 2:1 hesablı qələbədən sonra doğma meydanda növbəti mərhələyə vəsiqəyə daha yaxın olduğunu demək olar?
- "Qəbələ" növbəti mərhələyə vəsiqəni təxminən 90 faiz həll edib. Amma "Zirə" də bu rəqibinə səfərdə qalib gələcək gücdədir. Baxmayaraq ki, hazırda bu, o qədər də inandırıcı görünmür. Meydan sahibləri belə bir şansı əldən verməzlər.
- "Sumqayıt"ın baş məşqçisi Samir Abasov "Qarabağ"a səfərdə uduzmalarına (0:2) baxmayaraq, doğma meydanda Ağdam klubunu keçəcəklərinə əmindir. Siz də bunu mümkün hesab edirsiniz?
- Nəzəri cəhəhtdən təbii ki, mümkündür. Amma mən buna az inanıram. "Qarabağ" elə komandadır ki, istənilən oyunda qol vura bilər. Ağdamlılar səfərdə bir qol vursalar, sumqayıtlıların rəqib qapısından dörd top keçirməsi lazımdır. İndiki "Sumqayıt" buna nail olacaq gücdədirmi? Mən buna şübhə edirəm.
- "Rəvan" ötən həftə heç kimin gözləmədiyi halda "İnter"ə qalib gəldi (2:1). Bu nəticə "aslanlar"ın yarımfinala çıxması üçün yetərli ola bilərmi?
- Mən bu oyunla "Neftçi" və "Xəzər Lənkəran" arasındakı qarşılaşmanı eyni dəyərləndirərdim. "Neftçi" də ilk oyunda səfərdə uduzub (2:3). Cavab matçı öncəsi hər iki cütdə qonaqlar üstünlüyə malik olsa da, meydan sahibləri qalib gələ və yarımfinala yüksələ bilər. Şəxsən mən bu iki qarşılaşmanı 1/4 final mərhələsinin ən maraqlı matçları hesab edirəm. Baxımlı oyun olacaq.
- Əsgər Abdullayevin istefası, komandanın Vəli Qasımova tapşırılması "Neftçi"yə nə dərəcədə təsir göstərə bilər?
- Qasımova uğurlar arzulayıram. Belə böyük diqqət altında olan klubda işləmək elə də asan deyil. Bu, böyük məsuliyyətdir. İşinin öhdəsindən nə dərəcədə layiqincə gələcəyini isə zaman göstərəcək.
- Məşqçi dəyişikliyinin komandaya nə dərəcədə təsir edəcəyini söyləmədiniz...
- Mən bu barədə ehtimal irəli sürə bilmərəm. Çünki komandanın psixoloji cəhətdən hansı vəziyyətdə olduğunu bilmirəm. Komandanın fiziki durumundan da xəbərsizəm. Sadəcə, "Neftçi" "Xəzər Lənkəran"ı keçməyə borcludur. Lənkəran təmsilçisinin heyəti tamamilə gənclərdən təşkil olunub. Səfərdəki məğlubiyyəti hardasa başa düşmək olar. Amma qarşısına böyük hədəflər qoyan komanda üçün bu məğlubiyyət də bağışlanmazdır.
