Azərbaycan kubokunda yarımfinalçılar müəyyənləşir
Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq. Azerisport.az xəbər verir ki, kubok uğrunda mübarizəni davam etdirən komandalar yarımfinala çıxacaq dörd ən güclünü müəyyənləşdirəcəklər.
Öncə iki paytaxt klubu - "Rəvan" və "İnter" üz-üzə gələcək. Bu komandaların yolları kubokda ilk dəfə rastlaşır. Bir həftə öncə "Rəvan"ın meydanında baş tutan qarşılaşmada "aslanlar" iddialı rəqibini 2:1 hesabıyla məğlub edərək, böyük sensasiyaya imza atmışdı. Halbuki, həmin matçda qonaq komanda favorit hesab olunurdu. "Rəvan" ilk görüşdə sürpriz nəticəyə imza atsa da, "İnter" çətin ki, doğma meydandakı cavab matçında "aslanlar"ı kubokun yarımfinalına buraxsın. İstənilən halda paytaxt derbisinin maraqlı idman mübarizəsi şəraitində keçəcəyi dəqiqdir.
1/4 final cütləri arasında ilk dəfə kubokda üz-üzə gələnlər siyahısına "Zirə” ilə “Qəbələ”ni də aid etmək olar. Ötən həftə Bakıda baş tutan ilk görüşdə bölgə təmsilçisi 2:1 hesabıyla üstün olmuşdu. Bu üzdən də "Qəbələ"nin doğma meydanda keçirəcəyi cavab matçında yarımfinala çıxmaq şansını əldən verəcəyi o qədər də inandırıcı görünmür. Amma cari mövsümdəki çıxışını ilə hər kəsi təəccübləndirən, Premyer Liqada ikinci pillədə qərarlaşan zirəlilərdən də növbəti sürpriz gözləməyə dəyər. Çünki hər iki klub Avropa Liqasına vəsiqə qazanmaq iddiasındadır və bu baxımdan ölkə kuboku uğura aparan ən yaxın yoldur.
Premyer Liqanın hazırkı lideri, son iki mövsümün çempionu “Qarabağ” səfərdə “Sumqayıt”la üz-üzə gələcək. Bu komandaların əvvəlki mövsümlərdə kubokda yolu cəmi bir dəfə kəsişib. Rəqiblərin yeganə kubok dueli 5 il əvvələ təsadüf edib. 1 oyundan ibarət 1/8 final matçında böyükhesablı qələbə qazanan “Qarabağ” mərhələ adlayıb - 3:0. Elə bu dəfə də Ağdam klubu cütün favoriti hesab olunur. Elə doğma meydanda keçirdiyi ilk oyunda qazanılan 2:0 hesablı qələbə də bunu deməyə əsas verir. Hər halda Samir Abasovun yetirmələrindən bu dəfə ciddi sürpriz gözləyənlər elə də çox deyil.
Azərbaycan çempionatında prinsipial rəqiblər kimi qəbul olunan "Neftçi" ilə "Xəzər Lənkəran"ın bu mövsüm yolları kubokda da kəsişib. Bu, sözügedən klubların üçüncü kubok qarşıdurmasıdır. 2010/11 mövsümündə baş tutan ən məhsuldar oyunda “Xəzər Lənkəran” səfər qələbəsi qazanıb - 4:3. Digər iki matçda qalib müəyyənləşməsə də, 120 dəqiqəsi heç-heçə başa çatan 3 il əvvəlki duel penaltilər seriyasınadək davam edib. “Neftçi” kubok oyunlarında məğlub edə bilmədiyi rəqibini yalnız finalın qalibinin müəyyənləşdiyi penaltilər seriyasında üstələyib. Top fərqi də cənub təmsilçisinin xeyrinədir - 5:4. Amma hazırda ciddi maliyyə problemlərindən əziyyət çəkən, gənclərin ümidinə qalan "ağ-yaşıllar"ın iddialı rəqibini keçməsi o qədər də inandırıcı görünmür. Baxmayaraq ki, bir həftə öncə cənublular doğma meydanda əzəli rəqibinə 3:2 hesabıyla qalib gəlməklə təəccübləndirməyi bacardı. Amma səfərdə iki qol vuran "Neftçi"nin cavab matçında rəqibinə qalib gələcəyinə şübhə edənlər azdır. Baxmayaraq ki, paytaxt klubunda da son dövrlər işlər yaxşı getmir. Hətta bu görüş öncəsi Əsgər Abdullayev baş məşqçi postundan imtina etdi və komanda müvəqqəti olaraq, Vəli Qasımova tapşırılıb. Onun ilk matçında "ağ-qaralar"ın nəyə qadir olacağı maraqla gözlənilir.
Azərbaycan kuboku
1/4 final (cavab oyunları)
9 mart (çərşənbə)
14:00. “İnter” - “Rəvan” (ilk oyun - 1:2)
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Fariz Yusifov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Şahin Cəfərov.
Bakı. “İnter Arena”.
15:00. “Sumqayıt” - “Qarabağ” (0:2)
Hakimlər: Ömər Paşayev, Mehman Mahmudov, Vüqar Bayramov, Ziya Nəsirov.
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Murad Məmmədov.
Sumqayıt. “Kapital Bank Arena”.
15:00. “Qəbələ” - “Zirə” (2:1)
Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Coşqun Həsənov, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Abbas Hüseynov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Qəbələ şəhər stadionu.
17:30. “Neftçi” - “Xəzər Lənkəran” (2:3)
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Yaşar Abbasov, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. “Bakcell Arena”.
