Emil Balayev üçün yeni və düşərli ola biləcək baş məşqçi
Almaniyanın "Ayntraxt" klubunun baş məşqçi postunda dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin də şərəfini qoruduğu Frankfurt təmsilçisi bir neçə gün öncə Armin Fe ilə yollarını ayırmışdı.
O, 2015-ci ildən çalışdırdığı bu komandanı uğursuz nəticələrə görə tərk edib. Balayev də bu kluba məhz onun baş məşqçisi olduğu dövrdə transfer edilmişdi. Amma təəssüf ki, Fe Emilə heç bir rəsmi oyunda şans vermirdi və qapıçımız heç oyunların ilk 18-liyində də yer almırdı.
Artıq "Ayntraxt"ın yeni baş məşqçisi də məlumdur. Bundan sonra frankfurtluları xorvatiyalı mütəxəssis Niko Kovaç çalışdıracaq. 2015-ci ildə Xorvatiya millisinin baş məşqçi postundan ayrıldıqdan sonra işsiz olan 44 yaşlı mütəxəssis yeni klubu ilə 2017-ci ilin iyul ayına kimi müqavilə imzalayıb. Ümid edək ki, Kovaçın "Ayntraxt"a gəlişi Balayev üçün də düşərli olar. Axı millimizin baş məşqçisi Robert Prosineçki ilə həmyerli olan Kovaç həm də yaxın dostdurlar.
Sonda onu da qeyd edək ki, "Ayntraxt" Almaniya Bundesliqasında 25 turdan sonra topladığı 24 xalla 18 klub arasında 16-cı pillədə qərarlaşıb və elitanı tərk etmək təhlükəsi ilə üz-üzədir.
