Elbrus Məmmədov: Xəzər Lənkəran Neftçidən üç qol buraxmağa hazırlaşmır
"Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri cavab oyunu (ilk oyun 3:2) öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Növbəti "Böyük oyun"a hazırlıq necə keçib?
- Proqram üzrə hazırlaşmışıq. Sevindirici haldır ki, heyətdə itki yoxdur. Qarşımıza yarımfinala çıxmaq hədəfi qoymuşuq. Bakıya da bunun üçün gəlirik.
- Amma evdə qazandığınız 3:2 hesablı qələbə ciddi üstünlük hesab olunmur...
- Razıyam. Ona görə də şanslar hazırda bərabərdir. Çətin oyun olacaq. "Neftçi"nin baş məşqçisi də dəyişib. Bu üzdən rəqib komandada motivasiyanın yüksək olacağını düşünürəm.
- Bir məqam da var ki, bu, özündən söz etdirən həmin "Neftçi" deyil...
- Futbolda belə məqamları çox görmüşük. Əsgər Abdullayevin gedişindən sonra futbolçular özlərini göstərmək üçün alışıb-yanırlar. Əminəm ki, Vəli Qasımovun gəlişi bizə çətinlik yaradacaq. Amma bundan qorxmuruq. Bakılıları keçəcəyimizə inanıram.
- Mümkün penalti seriyasına hazırlaşmısınız?
- Qətiyyən yox. Matçın 11 metrlik zərbələrə qədər irəliləyəcəyinə inanmıram.
- Bu əminlik haradandır?
- Biz "Neftçi"dən üç qol buraxmağa hazırlaşmırıq.
- Bəs cavab matçında necə oynamağı düşünürsünüz?
- Yəqin ki, siz belə vacib oyun öncəsi mənim bu barədə açıqlama verəcəyimi gözləmirsiniz.
- Komandanız yarımfinala çıxacağı halda bu mövsüm ən yüksək həddə mükafat alacağınız barədə xəbərlər doğrudur?
- Əgər mərhələ keçsək, hə. Amma ümid edirəm ki, daha böyük mükafatlar hələ qarşıdadır. (gülür)
