MOİK futbolçularının stadiona vurduğu maddi ziyanı ödəyəcək
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra birinci divizionun 16-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Şahdağ” - “Zaqatala” matçında “Şahdağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində “Şahdağ”ın futbolçusu İsrafil Qarayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Energetik” - “Şərurspor” matçının 39-cu dəqiqəsində “Energetik”in futbolçusu Tural Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyunun 72-ci dəqiqəsində “Şərurspor”un futbolçusu Mehdi Rəsulov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində “Şərurspor”un futbolçusu Samir Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Ağsu” - “Şəmkir” matçında “Ağsu”nun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Göyəzən” - “Neftçala” matçının 68-ci dəqiqəsində “Neftçala”nın futbolçusu Emin Mirzəliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
"Bakı” - “Qaradağ Lökbatan” matçının 74-cü dəqiqəsində “Bakı”nın futbolçusu Famil Camalov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
"Mil-Muğan” - MOİK matçında “Mil-Muğan”ın 4, MOİK-in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 100 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra MOİK-in futbolçuları soyunub geyinmə otağının giriş qapısının lövhələrini və bir neçə inventarı sındırıb, stadiona maddi ziyan vurublar. "Mil-Muğan" klubunun dəymiş ziyana əsasən təqdim edəcəyi hesaba uyğun olaraq MOİK klubu bütün zərəri qarşılasın.
