Rəşad Eyyubov: Qəbələ artıq çempionluq barədə düşünmür
"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Eyyubov Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Neftçi" üzərində qələbə qazandıqları (2:1) oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Matçla bağlı fikirləriniz...
- Çox ağır oyun alındı. Birinci hissədə öz oyunumuzu tapa bilmədik. Amma ikinci yarıda yaxşı çıxış etdik. Xarakter nümayiş etdirib, matçın son dəqiqələrində qələbə qolunu da vurduq.
- Demək olar ki, bu üç xalı sizə "Neftçi"nin qapıçısı "hədiyyə" etdi?
- Elə deməzdim. Çünki biz bütün matç ərzində hücum edirdik, qol vurmağa çalışırdıq. Sonda da istəyimizə çatdıq. Hesab edirəm ki, biz vurulan qollara, qazanılan qələbəyə layiq idik. Kiminsə səhv edib etməməsi isə futbolun bir hissəsidir.
- "Qəbələ"də daha çox sonradan meydana daxil olursunuz. Əsas heyətdə meydana buraxılmamağınız nə ilə bağlıdır?
- Son iki oyunda ehtiyatda idim. Komandamızın heyətində 23 futbolçu var. Bu üzdən də hansısa futbolçunun əsas heyətdə, hansılarınsa sonradan meydana çıxması təəccüblü görünməməlidir.
- Komandanızın qələbə qolunu siz vurdunuz...
- Roman Qriqorçuk məndən "hücumda oynaya bilərsən" soruşdu. Mən də cavab verdim ki, "bacararam". Həmin epizodda da top mənə gəldi və qol vurdum. Amma bu qol bütövlükdə komandamızın çəkdiyi əziyyətin bəhrəsi idi.
- "Qəbələ"nin son oyunlarda ardıcıl qələbələr qazanması "qara zolaq"dan çıxdığınızı deməyə əsas verir?
- Biz hər oyunda qələbə qazanmağa çalışırıq. Bütün oyunlarımız çətin keçir. Çünki rəqiblərimiz bizə qarşı fərqli motivasiya ilə mübarizə aparırlar. Daha çox müdafiə futboluna üstünlük verirlər. Ona görə də bizim qazandığımız qələbələr çətinliklə başa gəlir və dəyəri də böyükdür.
- "Qəbələ"nin "Neftçi"dən son məğlubiyyətin qisasını aldığını demək olar?
- Bəli. Amma qarşıda daha bir oyunumuz olacaq.
- Klubunuzun çempionluq şansları barədə nə düşünürsünüz?
- Biz artıq çempionluq barədə düşünmürük. Əsas yaxşı hazırlaşmaq və bütün matçlarda maksimum nəticə üçün mübarizə aparmaqdır. Qalan hər şeyə mövsümün sonunda aydınlıq gələcək.
- Qarşıda "Zirə" ilə 1/4 final mərhələsinin cavab oyunu var. Bu komandaya səfərdə 2:1 hesabıyla qalib gəldiyinizi və cavab matçını evdə keçirəcəyinizi nəzərə alsaq, şansların 70-in 30-a "Qəbələ"nin xeyrinə olduğunu demək olar?
- Mən belə düşünmürəm. Cavab matçı da 0:0 hesabıyla başlayacaq. Əsas odur ki, komandamız bu dəfə də yaxşı çıxış etsin və müsbət nəticə qazansın.
- Ukraynada belə şayiələr yayılıb ki, Qriqorçuk Donetsk "Şaxtyor"unu çalışdıra bilər...
- Fikrimcə, Qriqorçukun "Şaxtyor"u çalışdırmasına hamı sevinər. Amma mən bu barədə heç nə eşitməmişəm.
- Adətən, Qriqorçuk çalışdırdığı komandalara sevimli futbolçularını da aparır. Siz özünüzü "Şaxtyor"da görürsünüz?
- (gülür) Nə deyim, bilmirəm.
