Vəli Qasımov: Neftçidə ciddi dəyişikliyə ehtiyac yoxdur
"Neftçi"nin idman direktoru Vəli Qasımov Əsgər Abdullayevin istefasına münasibət bildirib, eləcə də baş məşqçi postunun müvəqqəti olaraq ona tapşırılmasından danışıb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Artıq yeni baş məşqçi axtarışına start vermişik. Amma mənim bu postda nə qədər qalacağımı söyləmək çətindir. Biz elə yenicə Əsgər Abdullayevin ən azı mövsümün sonuna qədər bu postda qalacağını düşünüb, müzakirə etmişdik. Lakin hadisələr elə cərəyan etdi ki, biz dəyişikliyə getmək məcburiyyətində qaldıq. Oyunçularımızın potensialı kifayət qədər yüksəkdir. Sadəcə, bundan yararlanmaq lazımdır. Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirəcəyimiz cavab matçı öncəsi hansısa dəyişikliyə ehtiyac olduğunu düşünmürəm. Ümumiyyətlə, böyük dəyişikliklərə ehtiyac yoxdur. Bəzi oyun nüanslarını dəyişəcəyik. Əsas oyun intizamına nail olmaqdır. Ötən gün biz iki fərqli hissə nümayiş etdirdik. Belə olmamalıdır. Ümid edirəm ki, "Xəzər Lənkəran"la oyunda hər şey fərqli olacaq".
