Dodo: Həmin epizodda mən topa toxunmamışdım
"Qəbələ"nin yarımmüdafiəçisi Dodo Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Neftçi" üzərində qələbə qazandıqları (2:1) oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az sizi həmin açıqlamalarla tanış edir.
- Matçla bağlı nə deyə bilərsiniz?
- Ancaq yaxşı sözlər söyləyə bilərəm. Çünki komandam belə vacib görüşdə qələbə qazandı. Biz komanda oyunu nümayiş etdirdik. Düzdür, bizdə son dövrlər hücum xəttində hər şey o qədər də yaxşı alınmır. Amma bu gün bizə qələbə qazanmağa yetəcək qədər qol vurmağı bacardıq.
- Birinci hissədən fərqli, ikinci yarıda daha yaxşı çıxış etdiniz. Fasilədə nə dəyişdi ki?
- Biz toparlanmağı bacardıq. Matça daha yaxşı kökləndik və uğurlu 45 dəqiqə keçirdik.
- Rəqib qapıçı Aqil Məmmədovla aranızda nə baş vermişdi?
- Bizim vurduğumuz qoldan sonra o, hakimi alqışlamağa başladı. O, hesab edirdi ki, top mənim əlimə toxunmuşdu. Təkrara baxa bilərsiniz. Mən topa toxunmamışdım.
- Artıq neçə ildir Azərbaycandasınız. Bu müddət ərzində belə zəif "Neftçi" görmüşdünüz?
- Mən bu komandanı siz dediyiniz qədər zəif rəqib adlandırmazdım. Sadəcə, onların heyətində çoxlu gənc futbolçu var. Eyn zamanda Erik Ramos, Aylton kimi güclü futbolçulara da malikdirlər.
- Zədədən sonra özünüzü necə hiss edirsiniz?
- Artıq hər şey geridə qalıb. Bir müddət də keçdikdən sonra əvvəlki formamı bərpa edəcəyəm. Baxmayaraq ki, hazırda da komandama kömək etməyə hazıram.
