Dadaşov yenə dubla imza atdı, komandası darmadağına sevindi
Almaniyanın Şimal-Şərq Regional Liqasında 23-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası - "Germaniya Halberştadt" klubu da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə çempionatın aşkar autsayderi "Optik Ratenov"la qarşılaşıb. Matç 3:0 hesabı ilə futbolçumuzun komandasının xeyrinə başa çatıb. Rüfət bu matça start heyətdə başlayıb və 81-ci dəqiqədə əvəzlənib. Komandasının ilk iki qolunu da məhz Dadaşov vurub. O, 44-cü dəqiqədə hesabı açıb. 57-ci dəqiqədə isə o, rəqib qapısına təyin olunan penaltini dəqiq yerinə yetirərək, hesab arasındakı fərqi artırıb.
Dadaşovun komandası cari mövsümdə qazandığı dördüncü qələbə sayəsində xallarının sayını 16-ya çatdırıb. Hazırda bu komanda 18 klub arasında 16-cı pillədə qərarlaşıb.
