Çingiz Abdullayev: Neftçiyə yaxşı məşqçi lazımdır
"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Qəbələ"yə qarşı keçirilən oyundan (1:2) sonra jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, o, komandanın baş məşqçisi Əsgər Abdullayevin istefa qərarına da münasibət bildirib.
- Oyunla bağlı nə deyə bilərsiniz?
- Birinci hissədə yaxşı oynadıq, ikinci yarıda isə zəif təsir bağışladıq. Nəticədə də uduzduq. Təbii ki, bu nəticə, turnir cədvəlindəki mövqeyimiz bizi qane etmir. "Neftçi"ni nəinki yeddinci, heç dördüncü pillə də qane etmir.
- Oyundan sonra Əsgər Abdullayev istefa verdiyini söylədi. İstefanı qəbul edəcəksiniz?
- O, sizə bu barədə deyib, amma bizə hələ müraciət etməyib. Onun istefası barədə qərarı mənim əlimdə yoxdur. Biz qışda əcnəbi mütəxəssis dəvət etmək istəyirdik. Amma maliyyə problemlərimiz olduğuna görə, Abdullayevi saxladıq. Həm də Emil Mpenzaya olan borcu qaytarmaq lazım idi. "Neftçi"yə yaxşı məşqçi lazımdır.
- Yeni baş məşqçi əcnəbi olacaq?
- Əsas yaxşı mütəxəssis olmasıdır. Məsələn, "Qarabağ"ın yaxşı baş məşqçisi var, özü də yerlidir. Biz bu məsələyə baxacağıq. Axtaracağıq. Amma Abdullayev də sağ olsun ki, belə bir çətin vəziyyətdə komandanı qəbul və bizə kömək etdi. Onun rəhbərliyi dövründə yaxşı nəticələrimiz də oldu. Hətta "Qarabağ"a da qalib gəldik.
- Deməli, günahların hamısı baş məşqçidədir?
- Bütün günahı onun üstünə atmaq düz olmaz. Başqa səhvlər, çatışmazlıqlar da var. Artıq "Neftçi"yə güclü mütəxəssis dəvət etmək lazımdır. Bizim Çempionlar Liqasında oynaya biləcək komandamız olmalıdır.
- Komandanızı Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Xəzər Lənkəran"la cavab matçına kim çıxaracaq?
- Biz bu barədə dərhal qəbul edə bilmərik. Başqa məşqçilərimiz, idman direktorumuz var.
- Son dövrlər "Neftçi" rəhbərliyi ancaq qələbədən sonra danışır...
- Mən indi sizinlə uduzduğumuz oyundan sonra danışıram. Digər klub rəhbərlərinin hər oyundan sonra jurnalistlərə müsahibə verdiyini də görməmişəm.
- Bəs komandanın bu nəticələrinə görə kim cavabdehlik daşıyır?
- Belə görünür ki, mən. Yəqin ki, lazımınca tələbkar olmamışam. "Neftçi" Azərbaycan futbolunda bir brenddir. Bu cür nəticələr komandaya yaraşmır. Heç bir klubu "Neftçi" ilə müqayisə etmək olmaz.
- Sizə elə gəlmir ki, imicinizi "Neftçi"də itirirsiniz?
- Bilirsiniz, məni futbola görə sevməyiblər ki, indi də öz imicimi itirəm. Məni yazdığım çoxsaylı kitablarıma görə seviblər.
