Rəşad Sadiqov: Qəbələ hər iki cəbhədə qalib olacaq gücdədir
"Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqov Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- "Neftçi" ardıcıl üç oyundur uduzur. Bu, sözügedən komanda ilə oyunda sizin üçün üstünlük sayıla bilər?
- Bizi matçın favoriti saymağa dəyməz. "Neftçi" evdə oynayır. Yaxşı komanadır. Gənc futbolçuları meydanda kifayət qədər hərəkətlidir və döyüşkəndir. Biz uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çünki xal itirmək olmaz. "Qarabağ" və "Zirə"dən çox geri qalırıq.
- Demək olar ki, "Qəbələ" bundan sonra çempionatdan daha çox, kubokda uğur qazanmağa üstünlük verəcək?
- Biz hər iki cəbhədə mübarizəmizi davam etdiririk. Həm kubokda, həm də çempionatda uğur qazanmaq istəyirik. Hansında bacarsaq, qalib gələcəyik. Ümid edirəm ki, həm kubokun, həm də Premyer Liqanın qalibi olarıq. Biz belə uğura imza atacaq gücdəyik.
- "Qəbələ"nin "Zirə"yə səfərdə 2:1 hesabıyla qalib gəlməsi kubokun yarımfinalın vəsiqəni 50 faiz təmin etdiyini deməyə əsas verir?
- Ola bilər. İki qol yaxşı üstünlükdür. Oyun da baxımlı alındı. Hər iki komanda yaxşı oynadı. Biz açıq futbol nümayiş etdirdik. Rəqib isə əks-hücumlara üstünlük verirdi. Hesab edirəm ki, layiqli qələbə qazandıq.
- "Zirə" hesabı tez bərabərləşdirdi. Həmin epizodda nə baş verdi ki?
- Səhv etməsən, rəqib sənə qol da vura bilməz. Biz səhvə yol verdik, "Zirə" də qol vurdu. Amma biz sakitləşməyib qələbə qolunu da vurduq.
- Maraqlıdır ki, "Qəbələ"nin hər iki qolu standart vəziyyətdən vuruldu...
- Bu, heç də ev tapşırığı deyildi. Bizim ucaboy futbolçularımız çoxdur. Ona görə də bu üstünlüyümüzdən yararlanmağa çalışırıq. Baş məşqçi də bizə belə tapşırıq verir. Başqa qol vəziyyətlərimiz də oldu. Amma elə alındı ki, bu oyundakı qollarımızın hər ikisi standart vəziyyətdən vuruldu.
- Baş məşqçi sizə bu oyunda hansı taktika ilə oynamağı tapşırmışdı?
- Baş məşqçi bizə müdafiə futbolu oynamağı tapşırmamışdı. Sadəcə, hücum etmək və imkan düşdükcə, qol vurmaq lazım idi. Roman Qriqorçuk da bizə demişdi ki, səfərdə qol vurmaq lazımdır ki, ev oyununda işimiz asan olsun. Fikrimcə, biz onun bu görüş üçün tapşırıqlarını yerinə yetirə bildik.
