Qurban Qurbanov: Bizim Qalatasarayla ciddi söhbətimiz olmayıb
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində "Zirə"yə qarşı keçirəcəkləri oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- "Zirə" ilə oyuna hazırlıq necə gedir?
- İki gün əvvəl "Sumqayıt"la oyunumuz var idi. Bu üzdən də "Zirə" ilə qarşılaşmaya hazırlaşmaq üçün çox vaxtımız olmadı. Məşqlərdə bu çatışmazlığı aradan qaldırmağa çalışırıq. Fikrimcə, oyuna qədər hər şey qaydasında olacaq.
- Turnir cədvəlində sizin əsas izləyiciniz olan bu debütant komanda barədə siz nə düşünürsünüz?
- "Zirə" barədə ancaq yaxşı fikirlər söyləmək olar. Təhlükəli rəqibdir. Qış fasiləsindən sonrakı beş turda maksimum xal toplayıblar. Bu, bizi daha da diqqətli olmağa məcbur edir.
- "Qarabağ" "Zirə"yə uduzmayan yeganə komandadır...
- İkinci dövrədə onlarla heç-heçəyə razılaşdığımız görüşdə uduza da bilərdik. Birinci dövrədə isə qələbə qazanmağı bacarmışdıq. Amma "Zirə" bizə uduzduğu dövrdəki komanda deyil. Onlar indi daha təcrübəli olublar. Bizə çox çətin olacaq.
- "Sumqayıt"la oyunda zədələnən Rahid Əmirquliyevin vəziyyəti nə yerdədir?
- Həkimlər hələ yekun qərarını açıqlamayıb. Amma fikrimcə, zədə biz düşündüyümüzdən də ağırdır. O, ən azı ay yarım futbol oynaya bilməyəcək.
- "Qarabağ"ın martın sonunda Türkiyənin "Qalatasaray" klubu ilə Bakıda yoldaşlıq matçı keçirəcəyi bildirilir. Bu, nə dərəcədə doğru xəbərdir?
- Ola bilər ki, oynayaq. Baxmayaraq ki, bunun baş tutma ehtimalını o qədər də yüksək hesab etmirəm. Çünki "Qalatasaray"la ciddi söhbətimiz olmayıb.
