Nuran Qurbanov: Cütün taleyinə cavab matçında aydınlıq gələcək
"Rəvan"ın hücumçusu Nuran Qurbanov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "İnter" üzərində qələbə qazandıqları (2:1) ilk oyundan sonra fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Çətin oyun oldu. Əlbəttə, nəticədən razı qaldıq. Amma bu cütdə hələ heç nə bəlli deyil. Qarşıda cavab oyunu var. Hər şeyə həmin görüşdə aydınlıq gələcək. Vurduğum qol komandama yeni nəfəs verdi. Mən zərbə endirən anda Kamran Ağayev səhvə yol vermədi. Sadəcə, müdafiəçilər onun qarşısını kəsmişdilər və zərbə anını görmürdü. Çempionatdakı çıxışımıza gəlincə, elitada qalıb-qalmayacağımızı bilmirəm. Hələ qarşıda çox oyun var. Hər şey ola bilər. Özümüzdən çox şey asılıdır. Əlimizdən gələni etsək, Premyer Liqada qala bilərik".
