Məhəmmədəliyev: 2:0 yaxşı üstünlükdür, amma arxayınlaşmaq olmaz
"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri ilk oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Keçmiş komandanız üzərindəki qələbə barədə nə deyə bilərsiniz?
- Çətin oyun oldu. Amma iki cavabsız qolla qalib gəlməyi bacardıq. Əsas qol buraxmamaq idi, buna da nail olduq.
- 2:0 yarımfinala çıxmaq üçün yetərlidir?
- 2:0 yaxşı nəticədir, yaxşı üstünlükdür. Amma arxayınlaşmağa dəyməz. Cavab matçına da ciddi hazırlaşmaq lazımdır.
- "Sumqayıt"ın qapısına penalti təyin olunarkən qonaq futbolçular hakimlə mübahisəyə girişdilər. Sizcə, hakim haqlı idi?
- Mən olduğum nöqtədən heç nə görünmürdü.
- Keçmiş komandanıza qarşı oynamaq necə hiss idi? Əlavə motivasiya var idi?
- Heç bir motivasiya yox idi.
- Bəs keçmiş komandanız kənardan necə görünürdü?
- "Sumqayıt" yaxşı kludur. Bilirəm ki, bu komanda ilə cavab matçımız daha ağır keçəcək. Amma biz sonadək mübarizə aparacağıq.
- Siz təsadüfi hallarda "Qarabağ"ın qapısını qoruyursunuz. Oyun təcrübəsi baxımından problem hiss etmirsiniz?
- Xeyr, hiss etmirəm. Əvəzedici komandada da oynadığıma görə, belə bir problemim yoxdur.
- Yarımfinala çıxsanız, "Rəvan" - "İnter" cütünün qalibi ilə qarşılaşacaqsınız. "Rəvan" ilk oyunda 2:1 hesablı sensasion qələbə qazanıb. Yəqin ki, onlarla oynamaq istəyərdiniz...
- İndidən kimə qarşı oynamaq istədiyimizdən danışmaq istəməzdim. Çünki biz özümüz hələ yarımfinala vəsiqəni təmin etməmişik.
- "Qarabağ"ı qarşıda "Zirə" ilə çətin çempionat oyunu gözləyir. Bu görüşü çempionluq yolunda həlledici matç saymaq olar?
- "Zirə" yaxşı komandadır. Onların güclü futbolçuları var. Maraqlı və gərgin oyun olacaq. Amma bizim üçün hər bir oyun vacibdir. "Zirə"yə qalib gəlib, çempionluq mübarizəmizi davam etdirmək istəyirik.
- Vaxtilə Rusiyanın gənclər yığmasında oynasanız da, oradan ayrıldınız. Niyə həmin komandada qalmaq istəmədiniz. Axı İqor Akinfeyevlə rəqabət yarada bilərdiniz...
- İş elə alındı ki, orada qalmadım. Rusiya yığmasında heç kim mənə şans vermək istəmirdi. Rusiya komandalarında Akinfeyevi heç kim əvəz edə bilməz.
