Kazbek Tuayev: Elmar Məmmədyarov kimi insanlar futbolumuza lazımdır
AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev Azərbaycanın xarici işlər üzrə naziri Elmar Məmmədyarovun bu komitəyə üzv olmaq üçün namizədliyinin irəli sürülməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Mən idmanımıza adlı-sanlı insanların gəlişini həmişə dəstəkləmişəm. Onların gəlişi idmanımıza, futbolumuza məsuliyyəti daha da artırır. Siyasi xadimlər əvvəllər də idmana dəstək nümayiş etdiriblər. Ən azından idmana, idmanımıza Heydər Əliyev tərəfindən necə qayğı olduğunu xatırlamaq yetərlidir. Məmmədyarov böyük dünyagörüşə malikdir. Belə insanlar futbolumuzda nə qədər çox olsa, bir o qədər yaxşıdır. Belə insanlar Azərbaycan futboluna lazımdır".
Qeyd edək ki, Elmar Məmmədyarovun İK üzvlüyünə namizədliyi Ümümazərbaycan Futbolsevərlərin İctimai Birliyi tərəfindən irəli sürülüb. İK üzvlüyünə seçkilər martın 11-də baş tutacaq.
