Nelson Bonilya: Zirənin də öz hədəfləri var: yarımfinala çıxmaq istəyirik
"Zirə"nin hücumçusu Nelson Bonilya Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri ilk oyundan (1:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Qol vursanız da, bu, komandanızın məğlubiyyətdən xilas olması üçün yetərli olmadı...
- Bu klubların büdcəsi arasında ciddi fərq var. Amma hər iki komanda həm kubokda, həm də çempionatda mübarizəni davam etdirir. Mənim fikrimcə, məğlubiyyətimizə əsas səbəb rəqib düşərgədə səviyyəli futbolçuların daha çox olması idi. Həm də "Qəbələ" daha geniş heyətə malikdir.
- Axı futbolda hər şeyi pul həll etmir...
- Mən konkret puldan danışmıram. "Qəbələ" ilə müqayisədə, "Zirə" gənc klubdur. Buna baxmayaraq, bu gün biz onlara qarşı bərabər səviyyədə mübarizə apara biliriksə, bunun özü də az deyil. "Zirə" hər iki cəbhədə mübarizəni davam etdirməyə qadirdir.
- Siz əvəzlənəndən sonra "Zirə"nin oyununda da geriləmə oldu. Sizə elə gəlmir ki, baş məşqçinin sizi meydandan çıxarması da məğlubiyyətinizdə əsas səbəblərdən biri oldu?
- Oyunumuz mənim üzərimdə qurulmayıb. Komanda yoldaşlarım meydanda mənə görə qaçmırlar. Biz komanda halında mübarizə aparırıq. Mən meydandan çıxdıqdan sonra da hər biri mübarizəni sonadək davam etdirdi.
- Yarımfinala çıxacağınıza inanırsınız?
- Futbolda hər şey mümkündür. Səfərdə də mübarizəmizi sonadək davam etdirəcəyik. Çünki bizim də öz hədəflərimiz var.
- Qəbələ səfərindən öncə sizi çempionatda lider "Qarabağ"la prinsipial oyun gözləyir...
- Biz bu görüşə ciddi hazırlaşırıq. Uğurlu nəticə qazanmaq istəyirik.
- Bu görüşü çempionluq yolunda həlledici saymaq olar?
- Biz çempionluğu heç vaxt planlaşdırmamışıq. Düzdür, mövsümün əvvəlində müəyyən hədəflərimiz var idi. Amma ikinci və ya üçüncü olmaqla da hədəflərimizə çata bilərik. Bu isə təbii ki, bizim üçün çox yaxşı nəticə olacaq.
