Ruslan Abışov: Qəbələnin çempionluq şansından danışmaq çətindir
"Qəbələ"nin müdafiəçisi Ruslan Abışov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Zirə"yə qarşı keçirdikləri ilk oyundan (2:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- "Zirə" ilə matç barədə fikirləriniz...
- Çətin olacağını bilirdik. İlk oyun səfərdə idi və cavab görüşü öncəsi üstünlük əldə etmək istəyirdik. "Zirə" Premyer Liqanın turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Qış fasiləsindən sonra çox yaxşı oynayırlar. Heç kimə uduzmurdular. Amma bizim "Xəzər Lənkəran"la oyundan sonra problemlərimiz var idi. Bu gün isə yaxşı oynadıq. Qələbə qazansaq da, qarşıda hələ cavab görüşü var. Odur ki, hələ heç nəyə aydınlıq gəlməyib. Cavab matçından sonra yarımfinal barədə danışmaq olar.
- Amma komandanızın cavab matçı öncəsi yaxşı üstünlük qazandığını demək olar?
- Bəli. Amma cavab görüşündə hər şey dəyişə bilər. Həmin görüşdən öncə "Neftçi" ilə çempionat oyunu da var. Çətin olacaq. "Zirə" ilə matç barədə yalnız ondan sonra düşünəcəyik. Əlbəttə, kubok da bizim üçün vacibdir.
- Matçın sonunda sizi niyə əvəzlədilər?
- Düzünü desəm, qoldan sonra əvəzlənməli idim. Çox yorulmuşdum. Çünki iki aydan çox idi oynamırdım. Yaxşı ki, qələbə qazandıq. 2-3 aydan sonra optimal forma yığa biləcəyəm.
- Əvəzlənərkən "Zirə" fanatları ilə nəyin mübahisəsini edirdiniz? Sizi təhqir edirdilər?
- Xeyr, təhqir yox idi. Fanatlardan biri meydanı tez tərk etməyimi istəyirdi. Mən də sakitləşməyini istədim.
- Zədədən sonrakı ilk oyunu süni örtüklü meydanda keçirmək çətin deyildi?
- Əlbəttə, çətindir. Çox çalışıram və inanıram ki, bunun bəhrəsini görəcəyəm. Növbəti oyunlarda daha yaxşı çıxış edəcəyəm.
- Sizin üçün avrokuboklara yol hansı turnirdə daha asan görünür: Premyer Liqada, ya kubokda?
- Hədəfimiz mövsümü titulla başa vurmaqdır. Çempionluqdan danışmaq çətindir. Çünki liderdən çox geri qalırıq. Amma mübarizəmizi sonadək davam etdirəcəyik. Qarşıda digər oyunlar da var. Biz həm kubokda, həm də çempionatda iddialıyıq. Mövsümü qalib kimi başa vurmaq istəyirik.
- "Qəbələ" "Zirə"ni keçə bilsə, yarımfinalda "Xəzər Lənkəran" - "Neftçi" cütünün qalibi ilə qarşılaşacaq. Keçmiş komandalarınızdan hansına qarşı oynamaq istəyərdiniz?
- Lənkəran klubu ilk oyunda rəqibinə qalib gəldi. Hansı ki, onlardan belə qələbə gözləmirdim. Bizim üçün isə yarımfinalda hansı komandaya qarşı oynamağın fərqi yoxdur. Əsas "Zirə"ni keçməkdir.
- Sizcə, "Xəzər Lənkəran" "Neftçi" səddini keçə biləcək?
- Oyun göstərəcək. İndidən bu barədə danışmaq çətindir.
