Tərlan Əhmədov: AZAL-ın çempion olmasını, avrokuboklarda oynamasını istəyirəm
AZAL-ın baş məşqçisi Tərlan Əhmədovun azerisport.az saytına müsahibəsi
- AZAL qış fasiləsindən sonra qeyri-sabit çıxış edir. "Qarabağ"a qalib gələn komandanız son turda "Rəvan"la görüşdə belə bir sevincə nail oldu. Bunun səbəbi nədir?
- Belə suallar eşidəndə təəccüblənirəm. Mövsümün əvvəlində mənə deyirdilər ki, hara gedirsən? Bəzi mətbuat orqanlarında yazırdılar ki, Təran pula görə çətin vəziyyətə düşüb. Biz ardıcıl 5 tur uduzanda hamı yazırdı ki, bu futbolçular özlərini məhv etdilər. Amma ardıcıl altı oyunda qol buraxmırıqsa, "Qarabağ"a qalib gəliriksə, deməli, böyük iş görmüşük. Düzdür, qeyri-sabitlik var. Sabit çıxış etmək üçün geniş heyətin, yaxşı maliyyə şərtlərin olmalıdır. Amma indiki halda bizim son turlarda əldə etdiklərimiz böyük işdir.
- AZAL ciddi maliyyə problemlərinə rəğmən, qələbə qazanmağı bacarır. Bunun əsas sirri sizdədir? Çünki futbolçular da deyirlər ki, onlar bu komandada pula yox, sizə görə oynayırlar...
- Sağ olsunlar. Onlar bunu dəfələrlə söyləyiblər. Biz bir ailəyik. Mən futbolçular üçün böyük qardaş ola bilərəm. Amma komanda daxilində kapitan daha böyük rola malikdir. Ona görə də bu işi Rail Məlikova tapşırmışam. Qələbə də bizim ümumi işimizin nəticəsidir, məğlubiyyət də. Mən heç vaxt futbolçularımızı məğlubiyyətə görə günahlandırmamışam. Uduzmuşuqsa, günahkar mənəm. Qələbə qazananda da futbolçuların əməyi sayəsində buna nail oluruq.
- Oyunlar zamanı çox hirsli olursunuz. Matçdan sonra sakitləşmək üçün çoxmu dərman içirsiniz?
- Xeyr. Futbolçu olduğum dövrdə belə emosional deyildim. Amma məşqçi kimi çox emosionalam. Çünki futbolçulardan daha artığını gözləyirəm. Bunu ala bilməyəndə də özümdən çıxıram. Bu da normaldır. Bu işə başlamışamsa, uğur qazanmalıyam. Bunun üçün də tam güclə çalışmaq lazımdır. Bütün bunlara baxmayaraq, dərman qəbul etmirəm.
- Azərbaycan futbolunda hakimlərin iddiasını itirən klublara qarşı münasibətinin dəyişdiyini tez-tez görmüşük. AZAL-a qarşı da belə fərqli münasibətin şahidi olmusunuz?
- Xeyr. Həqiqətən. Bu gün bu büdcə, bu heyətlə qələbə qazanıramsa, hakimlikdən danışmağın nə mənası? Vaxtilə müxtəlif klublarda çıxış etmişəm ki, onların mənə hələ də borcu qalır. Həmin borcları toplasam, tam yeni bir komanda formalaşdıra bilərəm. Hakimlərdən də heç bir fərqli münasibət görməmişəm.
- Komandanız bu mövsümü neçənci yerdə başa vura bilər?
- Mənə elə gəlir ki, beşinci və ya altıncı pilləni tuta bilərik. Mən də çempion olmağımızı, avrokuboklarda oynamağımızı istəyirəm. Amma yalnız arzulamaqla iş bitmir. "Zirə", "İnter", "Neftçi" kimi klublar da avrokuboklarda oynamaq istəyir. Əgər biz avrokuboklarda oynamaq istəyiriksə, qalan bütün görüşlərimizdə qalib gəlməliyik. Bu da çətindir. Ona görə də ən yaxşısı ilk altılığa düşməkdir.
- Bəs sizə bu mövsüm çempion "Qarabağ" olacaq, ya "Zirə" və "Qəbələ"dən biri?
- Çempion "Qarabağ" olacaq. Bu komanda digər rəqiblərinin hamısını bütün parametrlərdə üstələyir.
