Novruzov: İlk oyunda qalib gəlməliyik ki, Qəbələdəki cavab matçında işimiz asan olsun
"Zirə"nin hücumçusu Nurlan Novruzov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz bu oyuna yaxşı köklənmişik. "Qəbələ" çempionatın əsas favoritlərindən biridir. "Xəzər Lənkəran"la son oyunda xal itirsələr də, liderlər sırasında qərarlaşıb. Bizə çətin olacaq. Hansı komanda daha istəkli oynasa, o da qalib gələcək. Biz ev oyununda qalib gəlməliyik ki, cavab görüşündə işimiz asan olsun. Rəqibin heyətində Sadiqovu, Eyyubovu, Zərgərovu, Məmmədovu, Qayı, Zenyovu, Zetsi fərqləndirərdim. Onların hər biri hücumda təhlükəlidir. Ona görə də bu rəqibə qarşı maksimum diqqətli mübarizə aparmalıyıq".
Novruzov Premyer Liqanın 23-cü turunda 3:0 hesabıyla darmadağın etdikləri "Neftçi" üzərindəki qələbədən də söz açıb: "Biz bu oyuna ciddi hazırlaşmışdıq. "Neftçi"nin gücünə bələd idik. Bu oyunda ələ düşən qol şanslarından yaxşı yararlandıq. Rəqibin azlıqda qalması da bizə kömək etdi".
