Azərbaycan kubokunda 1/4 final həyəcanı
Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə start veriləcək. Azerisport.az xəbər verir ki, kubok uğrunda mübarizəni davam etdirən komandalar ilk 1/4 final oyunlarına çıxacaqlar.
Öncə Azərbaycan çempionatında prinsipial rəqiblər kimi qəbul olunan "Neftçi" ilə "Xəzər Lənkəran" üz-üzə gələcək. Prinsipial rəqiblərin kubokdakı yolları iki dəfə kəsişib. 2010/11 mövsümündə baş tutan ən məhsuldar oyunda “Xəzər Lənkəran” səfər qələbəsi qazanıb - 4:3. Digər iki matçda qalib müəyyənləşməsə də, 120 dəqiqəsi heç-heçə başa çatan 3 il əvvəlki duel penaltilər seriyasınadək davam edib. “Neftçi” kubok oyunlarında məğlub edə bilmədiyi rəqibini yalnız finalın qalibinin müəyyənləşdiyi penaltilər seriyasında üstələyib. Top fərqi də cənub təmsilçisinin xeyrinədir - 5:4. Amma hazırda ciddi maliyyə problemlərindən əziyyət çəkən, gənclərin ümidinə qalan "ağ-yaşıllar"ın iddialı rəqibini keçməsi o qədər də inandırıcı görünmür. Ola bilər ki, Lənkəran klubu doğma meydanda keçirəcəyi ilk oyunda müsbət nəticəyə nail olsun. Amma Bakıda baş tutacaq cavab görüşündə "Neftçi"nin əzəli rəqibini üstələyəcəyinə çox az adam şübhə edir. Baxmayaraq ki, paytaxt klubunda da son dövrlər işlər yaxşı getmir.
Daha sonra Premyer Liqanın hazırkı lideri, son iki mövsümün çempionu “Qarabağ” doğma meydanda “Sumqayıt”la üz-üzə gələcək. Bu komandaların kubokda yolu cəmi bir dəfə kəsişib. Rəqiblərin yeganə kubok dueli 5 il əvvələ təsadüf edib. 1 oyundan ibarət 1/8 final matçında böyükhesablı qələbə qazanan “Qarabağ” mərhələ adlayıb - 3:0. Elə bu dəfə də Ağdam klubu cütün favoriti hesab olunur. Amma Samir Abasovun yetirmələrindən də sürpriz gözləyənlər var.
Digər 1/4 final cütlərində qarşılaşacaq komandalar isə ilk dəfə üz-üzə gələcəklər. Belə ki,
“Rəvan” və “İnter” indiyədək bu turnirdə qarşılaşmayıblar. Eyni sözləri “Zirə” - “Qəbələ” duelinə də aid etmək olar. Əgər "Rəvan" - "İnter" matçında qonaq komanda favorit hesab olunursa, digər cütdə hansı klubun qalib gələcəyini proqnozlaşdırmaq çətindir. Həm çempionatın, həm də kubokun qalibi olmağı hədəfləyən Roman Qriqorçukun komandası Premyer Liqada hələ ki, öz hədəfindən çox uzaq görünür. Komandanın kubokdakı rəqibi də cari mövsümün debütantı olmasına baxmayaraq, sürpriz nəticələri ilə hamını təəccübləndirən "Zirə"dir. Bu üzdən də qəbələlilərin yarımfinala yüksəlməsi asan olmayacaq. Bu baxımdan yeganə üstünlük "Qəbələ"nin cavab matçını evdə keçirməsidir. "Rəvan" da "İnter"lə ilk görüşdə sürpriz nəticəyə imza ata bilər. Amma "İnter" çətin ki, doğma meydandakı cavab görüşündə "aslanlar"ı kubokun yarımfinalına buraxsın.
Azərbaycan kuboku
1/4 final (ilk oyunlar)
2 mart
14:00. “Xəzər Lənkəran” - “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, İnqilab Məmmədov.
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Əli Hüseynov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.
17:00. “Qarabağ” - “Sumqayıt”
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mehman Mahmudov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Namiq Məstanov.
Hakim-inspektor: Asim Xudiyev.
Bakı. “Azərsun Arena”.
18:00. “Zirə” - “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Knyaz Əmiraslanov, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Şahin Cəfərov.
Bakı. Zirə İdman Kompleksinin stadionu.
19:00. “Rəvan” - “İnter”
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Rauf Hüseynli.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Bakı. “Bayıl Arena”.
