Təbriz Həsənov: Heyətdə olan futbolçuların hamısı eyni səviyyədə deyil
17 yaşadək futbolçulardan ibarət Azərbaycan və Ukrayna yığmaları arasında bu gün keçirilmiş yoxlama oyunundan sonra millimizin baş məşqçisi Təbriz Həsənov fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, yığmamızın çalışdırıcısı 0:2 hesablı məğlubiyyəti belə şərh edib:
"Birinci hissədə pis oynamadıq. Amma fasilədən sonra eyni tempdə davam edə bilmədik. Bunun səbəbi müəyyən qədər yorğunluq olmasıdır. Bir neçə gün əvvəl Rusiya yığması ilə 2 yoxlama oyunu keçirmişik. Oyunun gedişində müəyyən dəyişikliklər etmək üçün fasilədə əvəzetmələri də sınadıq. Amma bu gün heyətdə olan futbolçuların hamısı eyni səviyyədə deyil. Axtarışlarımız davam edir. Avropa çempionatının başlanmasına təxminən 2 ay vaxt qalır. Çalışacağıq ki, zamandan səmərəli istifadə edək”.
