Ruslan Qurbanov: Hakim Cavid İmamverdiyevi meydandan qovmamalı idi
"Neftçi"nin hücumçusu Ruslan Qurbanov Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində "Zirə"yə 0:3 hesabıyla uduzduqları oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Biz bu oyunda azlıqda qaldığımıza görə məğlub olduq. Fasiləyə qədər "Zirə"dən heç nədə geri qalmırdıq. Cavid İmamverdiyevin meydandan qovulduğu epizoda da gəlincə, orada toxunuş yox idi. Həm də qayda pozuntusu olsaydı da belə, cərimə meydançasından çöldə idi. Fariz Yusifov ona qırmızı vərəqə göstərməməli idi. Artıq hər şey olub və geridə qalıb".
Qurbanov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində "Xəzər Lənkəran"a qarşı keçirəcəkləri ilk oyunla da bağlı fikirlərini bölüşüb: "Lənkəranda bizi çətin oyun gözləyir. Rəqibin heyətində güclü gənc futbolçular var. Onlar sonadək mübarizə aparmağı xoşlayırlar. Rəqib komandaya güclü azarkeş dəstəyi də olacaq. Allaha şükürlər olsun ki, nəhayət, mən də "Xəzər Lənkəran"a qarşı oynaya biləcəyəm. Maraqlı oyun gözləyirəm. Əlbəttə, qələbə qazanmaq istəyiirk. "Zirə"yə məğlubiyyəti unudub, azarkeşlərimizi kubokdakı uğurlu çıxışımızla sevindirmək istəyirik".
