Nicat Qurbanov: Neftçidə ehtiyatda oturmaqdansa, başqa klubda oynamaq yaxşıdır
"Zirə"nin yarımmüdafiəçisi Nicat Qurbanov Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyundan (3:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Öncə oyun barədə düşüncələrinizi bölüşərdiniz...
- Birinci hissədə oyunumuz heç alınmadı. Amma ikinci yarıda rəqibin azlıqda qalması bizə kömək etdi. Oyunumuzu yaxşılaşdırıb, qələbə qazandıq.
- "Zirə"nin daha motivasiyalı olduğuna görə "Neftçi"yə qalib gəldiyini demək olar?
- "Neftçi" elə bir klubdur ki, əlavə motivasiyaya ehtiyac olmur. Ölkənin flaqmanıdır. Düzünü deyim ki, bu komandaya böyük hesabla qalib gələcəyimizi gözləmirdim.
- Oyundan sonra "Neftçi"nin düşərgəsində hakimi qınayanlar daha çox idi. Onlar Cavid İmamverdiyevin qırmızı vərəqəyə layiq olmadığını deyirlər. Siz bununla razısınız?
- Qırmızı vərəqə barədə mənim danışmağım düzgün olmaz.
- Keçmiş klubunuza qarşı oyunda özünüzü yaxşı tərəfdən göstərmək arzunuz var idi?
- Mən bu görüşə xüsusi hazırlaşmamışdım. Sadəcə, özümü göstərmək istəyirdim. "Neftçi"də mənə şans vermədilər. Amma mən özümü orada oynayanlardan pis futbolçu hesab etmirəm. "Neftçi"də ehtiyatda oturmaqdansa, başqa klubda çıxış etmək daha yaxşıdır.
- Epizodların birində siz topun Ayltonun əlinə dəydiyini iddia edib, hakimdən rəqib qapısına penalti təyin etməyi istəyirdiniz...
- Fariz Yusifovun bircə sözü məni sakitləşdirdi. Mənim bu hakimə çox böyük hörmətim var.
- Qarşıda "Qəbələ" ilə kubok oyunu var. "Zirə"nin bu turnirdəki hədəfi nədən ibarətdir? Avrokuboklara vəsiqə qazanmaq?
- Biz həm çempionatda, həm də kubokda mümkün qədər yaxşı oynayıb, nəticə qazanmaq istəyiik. Bizi çətin oyunlar gözləyir. Amma ümid edirəm ki, qələbə qazanacağıq.
- Növbəti turda sizi "Qarabağ"la oyun gözləyir. Qələbə seriyanızın qırılacağından ehtiyatlanmırsınız?
- "Qarabağ" liderdir və çempionluq iddiasındadır. Futbolda hər şey ola bilər. Amma qorxmaq lazım deyil. Meydana çıxıb öz oyunumuzu göstərməyə çalışacağıq, kim güclü olsa, o da qalib gələcək.
- "Qarabağ"a qalib gəlsəniz, çempionluq yolunda önəmli bir addım atmış olacaqsınız...
- Bircə şeyi bilirəm ki, biz son tura qədər mübarizəmizi davam etdirəcəyik. Bura qədər gəlmişiksə, yolumuzu davam etdirməliyik.
- "Zirə"nin çempion olması mümkündür?
- Biz medallar uğrunda mübarizə aparırıq. Hər şey mümkün və realdır.
