Vəli Qasımov: Neftçinin Əsgər Abdullayevi istefaya göndərmək planı yoxdur
"Neftçi"nin idman direktoru Vəli Qasımov Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində "Zirə"yə 0:3 hesabıyla uduzduqları oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Klub rəhbərliyi bu gün məşqçilər korpusu ilə görüşəcək. Son oyunlara görə onlara böyük irad bildiriləcəyini deməzdim. Sadəcə, qarşıda bizi həm kubok, həm də çempionat çərçivəsində çətin oyunlar gözləyir. Kollektivdəki əhval-ruhiyyəni qaldırmaq lazımdır. "Zirə"yə məğlubiyyət şübhəsiz ki, komandaya mənfi təsir göstərir. Klub rəhbərliyi istənilən halda komandanın nəticələrindən naraıdır. Amma eyni zamanda Cavid İmamverdiyevin qırmızı vərəqə almasının oyunumuza təsirsiz ötüşmədiyini də başa düşürük. "Zirə" kimi komandaya qarşı azlıqda mübarizə aparmaq çətindir. Amma bu, heç də planlaşdırdığımız kimi olmadı. Bizim Əsgər Abdullayevi istefaya göndərmək fikrimiz yoxdur. Komanda pis oynamır. Sadəcə, nəticələr istədiyimiz kimi deyil".
