Qara Qarayev: Uzun müddət ehtiyatda qalsam, getmək barədə düşünə bilərəm
"Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayev Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Matçla bağlı nə deyə bilərsiniz?
- Rəqib bizə tanış olmayan bir taktika ilə oynadı. Bu da bizə müəyyən qədər çətinlik yaratdı. Bütövlükdə, matçın bizim üçün yaxşı başa çatdığını deyə bilərəm. Amma qalib də gələ bilərdik. Bir xal da normaldır.
- "Zirə" sizinlə aradakı xal fərqini azaltmağa davam edir. Bu, sizi narahat etmir?
- Hər turda komandalar fərqli nəticələrə imza atırlar. Çempionatda mübarizənin qızışdığını demək olar. Bəzi komandalar öz oyununu tapıb. "Zirə"nin bizimlə xal fərqini azaltmasına gəlincə, bunda problem yoxdur. Bu komandanın bizə yaxınlaşması "Qarabağ"ı daha diqqətli və ciddi olmağa sövq edəcək.
- "Qarabağ" son oyunda qol vurana qədər təhlükəli vəziyyət yarada bilmirdi. Rəşad Sadıqov bunu rəqibin böyük qüvvə ilə müdafiə olunmasıyla əlaqələndirir. Bəs siz necə düşünürsünüz?
- Rəşad düz deyib. "İnter" beş müdafiəçi və iki dayaq yarımmüdafiəçisi ilə mübarizə aparırdı. Belə müdafiəni yarmaq çox çətindir. Amma matçın sonunda onlar yorulmuşdular. Çünki biz topu özümüzdə çox saxlayırdıq. Məhz yorğunluğun sayəsində "İnter"in müdafiəsini yarmaq mümkün oldu.
- Belə bir xəbər yayılıb ki, siz Qurban Qurbanovla komandadan getməklə bağlı söhbət etmisiniz...
- Belə söhbət olmayıb. Buna ehtiyac da yoxdur. Baş məşqçi məni nə vaxt meydana buraxmağı lazım bilirsə, onda da oynayıram. Lazım bilməyəndə də oturub, zamanımı gözləyirəm.
- "Qəbələ"yə keçməyə hazırlaşdığınız da bildirilir...
- Bunlar şayiədir. "Qarabağ"dayam və heç kimlə danışıq aparmıram. Heç getmək fikrim də yoxdur.
- Bəs özünüz indiki vəziyyətinizdən razısınız?
- Ola bilər ki, müəyyən çətinliklər var. Amma bu, normaldır. Fikrimcə, bu dövrü də arxada qoya biləcəyəm.
- Vaxtilə Fərhad Vəliyev də komandanın əsas qapıçısı idi, sonra ehtiyatda qalmağa başladı, indi isə ümumiyyətlə oynamır. Siz də eyni aqibəti yaşamaqdan qorxmursunuz?
- Mən illərlə ehtiyatda qalmıram ki. Cəmi 2-3 oyundur. Bir və ya iki il ehtiyatda qalsam, Qurban Qurbanov özü də mənim başqa kluba keçməyimi istəyər. Baş məşqçimizi yaxşı tanıyıram və onu anlayıram. Limitə görə heyətdə dəyişiklik etməyə ehtiyac var. Mən də bunu normal qəbul edirəm. Amma uzun müddət ehtiyatda qalsam, getmək barədə düşünə bilərəm. Hələ ki, bu barədə düşünmürəm.
