Elnur Qəmbərov: Belə olan halda Tino Peresi saxlamaq nəyə lazım idi?
"Xəzər Ayland" futzal klubunun sabiq baş məşqçisi Elnur Qəmbərov Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Axundov "Xəzər"in heyətinin 70 faizinin "Araz"ın sabiq oyunçularından ibarət olduğunu, komandanın baş məşqçisiz də çempion ola biləcəyini söyləyib. Qeyd edim ki, "Araz"dan bizdə cəmi iki oyunçu var idi - Edu və Amadeu. "Araz" ötən mövsüm üçüncü ola bildi. Buna da bizim "Neftçi"ni məğlub etməyimiz sayəsində nail oldular. Özü də "Araz"ın 95 faizi millinin oyunçuları idi. Belə olan halda Tino Peresi komandada saxlamaq nəyə lazım idi?
Mənim qabiliyyətimə gəlincə, məşqçi kimi ən aşağıdan başlamışam. Həvəskar komandada uğur qazanmaqla peşəkar komandaya qədər yüksəlmişəm. Öz hesabıma Moskva "Dinamo"sunda, Qazaxıstan "Kayrat"ında təcrübə keçmişəm. "Xəzər"i çempion etməzdən öncə həvəskar komandada da uğur əldə etmişəm. Ötən mövsüm AFFA məni ilin ən yaxşı məşqçisi seçdi. Özü də bu haqda fərmanı Zaur Axundov özü imzalamışdı. Hər şeyə rəğmən, mən futzal federasiyasını heç nədə günahlandırmıram".
