Hüseyn Seyliqli: Millimiz AÇ-nin qalibi olmağa qadirdir
Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət yığma komandasının müdafiəçisi Hüseyn Seyliqli Rusiyaya qarşı keçirdikləri ikinci yoxlama oyunundan (1:0, ilk oyun 1:5) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Öncə matçla bağlı fikirləriniz...
- Əsas odur ki, biz Rusiya ilə iki yaxşı oyun keçirdik. Bu, keyfiyyətli hazırlıq oldu. İlk oyun bizim üçün uğursuz alındı. Amma ikinci görüşdə səhvlərimizi aradan qalırdıq, qələbə qazandıq. Məhz az səhv buraxdığımıza görə qalib gələ bildik.
- İlk oyunda bol qol qeydə alındığınızı nəzərə alsaq, bu dəfə cəmi bir topun vurulması sizin üçün gözlənilməz olmadı?
- Əla qol alındı. Mətin Gülər gözəl zərbə endirdi, öz ustalığını nümayiş etdirdi. Bu, son dövrlərdə vurduğumuz ən gözəl qollardan biri idi.
- İlk oyunla müqayisədə millimizdə nə dəyişmişdi?
- İlk oyunla bağlı çox danışmaq olar. Əslində, top daha çox bizdə olurdu, amma həlledici anlarda səhvə yol verirdik. Ötürmələrdə səhvlər çox idi. Rəqibin isə daha çox bəxti gətirdi. Ona görə də 5:1 hesabıyla qalib gəldilər. Digər tərəfdən elə uduzmağımız yaxşı oldu. Məhz həmin məğlubiyyət bizim özümüzə gəlməyimizə kömək etdi. Bunun nəticəsi idi ki, ikinci oyuna böyük istəklə çıxmışdıq. Yaxşı ötürmələr edirdik, tələsmirdik.
- Qarşıda Ukrayna ilə də iki oyun var. Bu rəqib barədə nə bilirsiniz?
- Ukrayna ilə iki dəfə qarşılaşmışıq. Çox yaxşı komandadır. Onlar da bizim kimi ötürmələri, yaradıcı futbolu sevirlər. Rusiyaya qarşı oynadığımız kimi oynasaq, Ukraynaya qalib gələ bilərik.
- Avropa çempionatının final mərhələsi üçün hədəfiniz nədən ibarət olacaq?
- Əsas azarkeşlərin dəstəyidir. Onların bizə böyük köməyi dəyə bilər. Fürsətdən istifadə edib, Azərbaycan xalqına müraciət etmək istərdim: bizi dəstəkləyin! Nəticəyə gəlincə, öncə qrupdan çıxmağa çalışacağıq, daha sonra isə finala qədər irəliləməyə.
- Mətin Gülər deyir ki, AÇ-nin qalibi olmaq Azərbaycan üçün arzu olaraq qalmamalıdır...
- Mətin düz deyir. Komandamızda AÇ-nin qalibi olmağa yetəcək güc var.
- Milli komandanın hansı oyunçuların tanıyırsınız və gələcəkdə ona oxşamaq istərdiniz?
- Millinin əksər oyunçularını tanıyıram. Amma mən "Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynova oxşamaq istərdim. Onun oyun üslubu mənimki ilə oxşardır.
