Kamran Ağayev: Siqaret, spirtli içki nədir, bilmirəm
"İnter"in qapıçısı Kamran Ağayev Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyundan (1:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.
- Komandanızın son dəqiqələrdə qələbəni əldən verməsinə nə səbəb oldu?
- Qələbə qazanmağı çox istəyirdik. Buna yaxın idik. Amma rəqibin son dəqiqələrdə vurduğu qol bizi iki xaldan məhrum etdi. Son dövrlərdə Azərbaycanda belə oyun görməmişdim.
- Rəşad Sadıqovun vurduğu qoldan sonra Samuel Armenteros topu götürməyə çalışsa da, siz onu yerə yıxdınız...
- Mən ona heç nə etmədim. O, özü mənə tərəf hərəkətlənərkən yıxıldı. Top məndə idi, amma mən onu görmürdüm. Birdən kimsə yıxıldı, heç özüm də kim olduğunu bilmədim.
- Son dəqiqələrdə qol buraxmaq üzücü idi?
- Anlaşılmaz epizod idi. Biz daha 90 dəqiqə mübarizə aparsaq, "Qarabağ" bizə qol vura bilməz.
- Sizə elə gəlmir ki, Sadıqovun qol vurduğu epizodda səhvə yol verdiniz?
- Qapıçı qol buraxıbsa, deməli, səhvə yol verib. Onda qapıçı nəyə lazımdır? Qapıçının çıxara bilmədiyi top yoxdur. Yaxşı qapıçılar belə epizodları oxuya bilirlər.
- Bəlkə ona görə qoldan sonra topu rəqibə vermək istəmirdiniz ki, onlar daha bir qol vura bilərlər?
- "İnter" həmişə belə oynayır, qələbə üçün vuruşur. Amma oyun elə alındı ki, matçın sonlarını müdafiədə keçirməli olduq.
- Rəqibin qolunu məhz Sadıqovun vuracağını gözləyirdiniz?
- Bütövlükdə, heç qol buraxacağımı gözləmirdim. 1:0 hesabıyla qalib gələcəyimizi düşünürdüm. Futbolda hər şey olur.
- "İnter"in çempionluq şansını itirdiyini demək olar?
- Hələ bu barədə danışmaq tezdir. Qarşıda daha 15 tur var. Çempion olmaq istəyiriksə, liderlərdən xal almalıyıq. Öz meydanımızdakı oyunlarda xal itirməməliyik. Mənə elə gəlir ki, biz bu gün iki xal itirdik. "Qarabağ"la səfər oyununda təzyiq ikiqat artıq olacaq.
- "İnter"in məlum borc probleminə görə avrokuboklardan kənarda qalması mümkündür. Bu, komandanın çıxışına təsir göstərmir?
- Ölümdən başqa hər şeyə çarə var. Əlbəttə, bu, komandamızın çıxışına təsir göstərə bilər. Amma meydana çıxanda hər şeyi unudursan. Meydanda tam başqa adam oluram. Meydandan kənarda isə problem yoxdur, zarafat da edə bilərik.
- Klub rəhbərliyi sizin futboldan kənar həyatınızla bağlı sizə heç nə deməyib?
- Mənim 30 yaşım var. Mən gecə klublarına, barlara, diskotekalara gedəcək adam deyiləm. Restoranlarda, çayxanalarda otura bilərəm. On ildir ki, valideynlərimdən ayrı yaşayıram. Bu müddət ərzində siqaret, spirtli içki nədir, bilməmişəm.
- Amma sizin qəlyan çəkdiyiniz deyilir...
- Bəli, amma ondan asılı deyiləm. Fikrimcə, heç kim mənim şəxsi həyatıma qarışa bilməz. Meydanda həmişə var gücümü qoyuram. Oyundan sonra isə qəlyan da çəkə bilərəm, kiminləsə restoranda da otura bilərəm. Düzdür, meyxananı sevirəm. Gecə yarısına kimi oturub meyxanaya qulaq asa bilərəm. Amma rejimimi pozmuram.
