Qurban Qurbanov: Heç-heçə ədalətli nəticə oldu
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Ağır oyun oldu. Rəqib müdafiədə çox yaxşı çıxış etdi. Bu üzdən də bizə qol vurmaqda çətinlik yarandı. "İnter"in bizə qarşı əks-hücumda oynayacağını bilirdik. Buna hazırlaşmışdıq. Amma məhz belə bir hücum zamanı səhvə yol verdik. İkinci hissədə daha yaxşı oynadıq. Demək olar ki, heç-heçə ədalətli nəticə oldu. Amma bu gün həm qalib gələ, həm də uduza bilərdik. Rəşad Sadıqovun hücuma qoşulmasına gəlincə, bu, riskli addım idi. Bununla hücumun kəsərini artırmaq istəyirdik. Rəşad da bu şansdan yaxşı yararlandı və qol vurdu". (CBC)
