Zaur Axundov: O, özünə iş tapa bilmirsə, bunda federasiyanın günahı yoxdur
Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun azerisport.az saytına müsahibəsi
- Öncə millimizin Avropa çempionatının final mərhələsindəki çıxışını dəyərləndirərdiniz...
- Bu, mənim federasiyaya rəhbərlik etməyə başladığım dövrdən bəri bizim AÇ-nin final mərhələsindəki dördüncü çıxışımız idi. Serbiyada təşkil olunan şərait çox xoşuma gəldi. Heç bir problem hiss etmədik. Biz də 2020-ci ildə Avropa çempionatının final mərhələsinə ev sahibliyi etməyi düşünürük. Bunun üçün yetərli infrastrukturumuz da var.
- UEFA-dan belə bir nüfuzlu yarışa ev sahibliyi etmək hüququnu almaq çətin olmaz?
- Ölkəmiz artıq neçə-neçə böyük turnirlərə ev sahibliyi edib. Qitənin 12 ən güclü komandasının yarışını da təşkil edə bilərik və bu, bizim üçün çətin deyil. Bunda problem görmürəm.
- Ötən mövsüm "Xəzər Aylands"la ölkə çempionu olan Elnur Qəmbərov hazırda işsiz olmasından narazıdır...
- "Xəzər"in heyətinin 70 faizi "Araz"ın oyunçuları idi. Komanda baş məşqçiyə görə çempion olmadı. Həmin heyət baş məşqçisiz də ölkə çempionu ola bilərdi. Onun məşqçi olması üçün hələ çox vaxt lazımdır. Başlanğıc üçün birinci liqadan işə başlamaq olar. Əgər onu heç kim işə dəvət etmirsə, bunda federasiyanın günahı yoxdur.
- Federasiyanın millinin heyətindəki legionerlərlə bağlı hansı planları var?
- Siz AÇ-də uğurlu çıxışı ilə diqqət çəkən Rusiya və İtaliya yığmasının heyətində nə qədər legionerin olmasına baxın. Bizim legionerlər artıq beş ildir bu komandada çıxış edirlər. Biz bundan sonra da yığmaya legioner dəvət etmək təcrübəsindən yararlanacağıq.
- Qazaxıstan yığmasının məşqçisi Joze Alesio bəyan etdi ki, Serbiyada sizinlə görüşüb, özü də normal münasibətiniz var...
- O, ölkəmizdən qaçmaqla etik qaydalara əməl etməmişdi. Mən bundan sonra onunla danışmaq istəməzdim. Sadəcə, normal qaydada danışıb, getmək lazım idi. Qazaxıstandan olan dostlarımız zəng etdi və ondan sonra bu məsələ həllini tapdı. Serbiyada da hər iki komanda eyni oteldə qalırdı. Bir dəfə yaxınlaşdı, əl uzatdı, görüşdük. Həm də onun Azərbaycan futzalı üçün etdiklərini unutmaq olmaz. Sadəcə, bir hərəkəti ilə etdiklərinin üstündən xətt çəkdi.
- Millinin AÇ-də 8-ci yeri tutmasından razı qaldınız?
- Minimum vəzifə qrupdan çıxmaq idi. Son iki AÇ-də buna da nail ola bilmirdik. Rusiya ilə oyunda mərhələ adlamaq şansımız var idi. Sadəcə, alınmadı. Amma komandanın oyunundan razı qalmadım.
- Hollandiya ilə pley-off oyunlarında heyətdə dəyişiklik olacaq?
- Vaxtımız azdır. Martın əvvəlində toplanışa başlayacağıq. 18-19 oyunçuya dəvət göndərəcəyik. Kimlərdənsə imtina etməyimiz də mümkündür. Sergey Çuykovun komandada olmayacağı dəqiqdir. Toplanış zamanı o, yaxşı təsir bağışlayırdı. Amma AÇ-də demək olar ki, oyun göstərmədi. Namiq Məmmədkərimovla Rəcəb Fərəczadə yenə milliyə dəvət olunacaq.
- Millimizin qapıçısı Rövşən Hüseynlinin "ulduz xəstəliyi" sağalıb?
- Rövşən gənc və perspektivli qapıçıdır. İtaliya ilə oyunda yaxşı çıxış etdi. Onu çox təriflədilər. Amma oyunçularda "ulduz xəstəliyinin" yaranmasını xoşlamıram. Belə etmək olmaz. Rusiya və Çexiya ilə oyunlarda çoxlu səhvlərə yol verdi. Onunla danışmışam. Ağıllı oğlandır və bütün bunlardan nəticə çıxaracağına inanıram.
